Close

Naxçıvanlılar Heydər Əliyevi, ulu öndər isə Naxçıvanı qorumuşdu...

Belə bir müdrik deyim var: “Böyük şəxsiyyətləri ancaq böyük millətlər yetişdirə bilər”. Tarix sübut edib ki, bəzən şəxsiyyətlər millətləri yetişdirir, gələcəyə hazırlayır. Bu o zaman baş verir ki, xalq uzun müddət əsarətdə qaldıqdan sonra millət olmaq müqavimətini itirir, müstəqil dövlətini qurmaq, azad yaşamaq üçün özündə güc tapa bilmir. Məhz belə  bir tarixi dövrdə Ulu Tanrı müstəqil dövlət qurmaq əzmi bəxş etmiş xalq üçün bir xilaskar göndərir, onu yenidən öz milli dövləti olan millətlər cərgəsinə qoşur.

Yüz il bundan əvvəl, 1923-cü ilin 10 mayında dünyaya göz açan görkəmli dövlət xadimi Heydər Əliyev də Tanrının millətimizə xilaskar kimi göndərdiyi böyük dahi şəxsiyyət idi. Bütün mənalı həyatını Vətəninə həsr edən ulu öndərimiz elə Azərbaycanımız üçün doğulmuşdu. Ümummilli liderimiz özü bu barədə deyirdi: “Mən balaca bir evdə, zəhmətkeş ailəsində, bir yaz günü dünyaya göz açmışam. Anadan olanda, yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi, bəlkə də, bir o qədər qeyri-təvazökar səsləndi, amma deməliyəm ki, anam məni, bütövlükdə, Azərbaycanımız üçün dünyaya gətirib. Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm”.

Ulu öndərimiz həyatını xalqımızın xoşbəxt gələcəyinə, müstəqil Azərbaycanın qurulmasına və möhkəmləndirilməsinə həsr etmiş, millətimizin imzalar içində imzası olan qüdrətli dövlətini yaratmışdır. Tariximizin Heydər Əliyev epoxası müdrik rəhbərin parlaq dühasının, amal və əməllərinin nuruna boyanmış, müstəqil dövlətimizin bu günü də, gələcəyi də ulu öndərin əbədiyaşar siyasi kursunun, şanlı ideyalarının şəfəqlərinə bürünmüşdür.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamında da qeyd olunduğu kimi: “Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”.

Ümummilli liderimizin nəsillərə nümunə olan şərəfli həyatında Naxçıvana bağlılıq, tükənməz məhəbbət və ardıcıl qayğı xüsusi yer tutur. Azərbaycanın bu qədim diyarında dünyaya göz açıb boya-başa çatan xalqımızın gələcək xilaskarı, müstəqil dövlətimizin qurucusu ilk təhsilini də orada almış, 1939-cu ildə Naxçıvan şəhərindəki pedaqoji məktəbi bitirmişdir. Ulu öndərimiz təhsilinin həmin mərhələsini yüksək qiymətləndirərək demişdir: “Mən həmişə Naxçıvanda təhsil aldığım illəri xatırlayıram. Bu illər mənim yaddaşımdan heç vaxt silinməyəcək... Mən burada mükəmməl təhsil almışam, özü də elə həvəs və aludəçiliklə oxumuşam ki, sonralar digər ali təhsil müəssisələrində oxumaq mənim üçün çətin olmayıb”. 

Dahi rəhbərin xalqa, Vətənə misilsiz xidmət nümunəsi olan möhtəşəm əmək fəaliyyətinin də ilk səhifələri Naxçıvanla bağlıdır. O, 1941-ci ildə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında işə başlamış, sonra isə Xalq Komissarları Sovetində çalışmışdır.

Görkəmli dövlət xadimi Azərbaycana rəhbərliyinin birinci dövründə Naxçıvana xüsusi diqqət yetirmişdir. Dahi şəxsiyyət muxtar respublikada aparılan quruculuq-abadlıq işlərinin vəziyyəti ilə tanış olmaq üçün 1970-1982-ci illərdə 4 dəfə Naxçıvanda səfərdə olmuşdur. Ulu öndərimiz Azərbaycanın rəhbəri kimi Naxçıvana  ilk dəfə 1974-cü il fevralın 22-də səfər etmişdir. Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində saxlanılan Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin büro iclaslarının protokollarından da aydın olur ki, daha sonra 1978-ci il oktyabrın 15-də, 1980-ci il mayın 24-də, 1982-ci il oktyabrın 2-də reallaşan səfərlərin hər birində Naxçıvanın gələcəyi üçün mühüm qərarlar qəbul edilmişdir.

Həmin illərdə Araz çayı üzərində iri su anbarı və elektrik stansiyası, 16 iri sənaye müəssisəsi, yüzlərlə sosial obyekt tikilib istifadəyə verilmişdir. Bütün bu genişmiqyaslı quruculuq fəaliyyəti nəticəsində Naxçıvan Muxtar Respublikası yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

Ulu öndərimiz SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışanda da Naxçıvanın rifahı üçün çoxşaxəli tədbirlər həyata keçirmişdir.

Ümummilli liderimizin Naxçıvanda yaşadığı 1990-1993-cü illər Onun həyat və fəaliyyətindən qırmızı xətlə keçən xüsusi əhəmiyyətə və dəyərə malik tarixi dövrdür. Müdrik dahinin özü də bu illərin mahiyyətini ayrıca vurğulayaraq muxtar respublika sakinləri ilə görüşlərinin birində demişdir: “Naxçıvanda doğulmağım, ərsəyə gəlməyim, təhsil almağım mənim üçün əzizdir. Azərbaycana rəhbərlik etdiyim zaman Naxçıvanda quruculuq işlərinin görülməsindəki fəaliyyətim də mənim üçün əzizdir. Ancaq mənim üçün bunların hamısından əziz 1990-cı ildən 1993-cü ilə qədər burada sizinlə bir yerdə yaşamağım, işləməyim olubdur”.

20 iyul 1990-cı ildə Moskvadan Bakıya, iki gün sonra isə ağır blokada vəziyyətində olan Naxçıvana gələn Heydər Əliyevi xalq böyük coşqunluqla qarşılamışdı.

Həmin vaxt Naxçıvan son dərəcə çətin bir şəraitdə yaşayırdı. Bir tərəfdən, iqtisadiyyat dağılaraq tamamilə iflic vəziyyətinə düşmüş, əhalinin maddi durumu kritik həddə yuvarlanmışdı, siyasi burulğanlar, hərc-mərclik burada da baş alıb gedirdi. Digər tərəfdən isə mənfur ermənilərin aramsız hücumları bölgədəki ağır situasiyanı daha da mürəkkəbləşdirmişdi. O zamankı Azərbaycan rəhbərliyinin Naxçıvana ögey münasibətini də xatırlatsaq, muxtar respublikanın son dərəcə acınacaqlı durumu göz önünə gələr. Belə bir vaxtda xalqımızın böyük oğlu Heydər Əliyevin Naxçıvana gəlişi əhalinin əsl nicatına çevrilmişdir.

1990-cı il iyul ayının 22-də muxtar respublikanın şəhər, qəsəbə və kəndlərindən axın-axın Naxçıvan şəhərinə, ulu öndərin ziyarətinə gələnlər ona tükənməz sevgisini bildirirdi. Elə həmin gün Naxçıvan şəhərinin mərkəzi meydanında keçirilən möhtəşəm mitinqin iştirakçılarından biri kimi, deyə bilərəm ki, həmin mitinqdə yüz minə yaxın insanın iştirakı dahi rəhbərə xalqın hüdudsuz məhəbbət və inamının təntənəsi idi. Muxtar respublika əhalisi əmin idi ki, təklənmiş bir adaya bənzəyən Naxçıvan görkəmli şəxsiyyətin gəlişi ilə nicat yoluna çıxacaq. 

Doğma Vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq ... üçün yox, ancaq və ancaq respublikanın bu ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcumu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm”, – dahi rəhbər ilk gündən Vətənə qayıdışının məqsədini belə izah edirdi. Naxçıvana gəlişindən az sonra, 1990-cı ilin avqustunda gənclərlə görüşdə ulu öndərin dediyi aşağıdakı sözlər onun əsas amalını konkret şəkildə ifadə edirdi: “Mənim başlıca arzum Azərbaycanı siyasi və iqtisadi cəhətdən müstəqil, demokratik respublika kimi görməkdir”.

30 sentyabr 1990-cı ildə keçirilən seçkilərdə Naxçıvan Muxtar Respublikasının əhalisi yekdilliklə ulu öndəri Azərbaycan SSR-in və Naxçıvan MSSR-in xalq deputatı seçdi.

1990-cı il noyabrın 17-də dahi şəxsiyyət Heydər Əliyevin Sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyasında qəbul olunan tarixi qərarlar müstəqil Azərbaycan dövlətinin yaradılmasının əsasını qoymuşdur. Hələ Sovetlər Birliyinin mövcud olduğu bir dövrdə üçrəngli Azərbaycan bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması, Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması böyük cəsarət tələb edirdi.

Naxçıvan Muxtar Respublikasının Аli Məclisi həmin bayrağın Azərbaycan Respublikasının rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət də qaldırmışdı. Bütün bunlar 1991-ci ildə Azərbaycanın müstəqilliyini elan etməsinə şərait yaratmışdı. Bu tarixi hadisə nəinki Azərbaycanın, Sovetlər Birliyinin digər müttəfiq respublikalarının da müstəqillik qazanmasına yol açmışdı.

1990-cı ilin 21 noyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi böyük dövlət xadimi Heydər Əliyevin işləyib hazırladığı “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” tarixi qərar qəbul etmişdir.

Muxtar respublikanın əsl xilas və tərəqqisinin yalnız ümummilli liderimizin dühası sayəsində mümkün olduğunu çox yaxşı bilən Naxçıvan əhalisinin təkidli tələbi ilə görkəmli dövlət xadimi Heydər Əliyev 1991-ci ilin 3 sentyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədr seçilmişdir. Əlbəttə, tarixin min illərlə ölçülən yaşı müqabilində iki il bir an təsiri bağışlayır. Lakin ulu öndər Heydər Əliyev Naxçıvana rəhbərlik etdiyi iki ilə yaxın müddətdə elə möhtəşəm işlər görmüşdür ki, onlar əhəmiyyət və miqyasına görə neçə-neçə onilliyə örnək ola bilər. Ümummilli liderimiz Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu qədim diyarı işğal təhlükəsindən qorumuş, onun müdafiə qüdrətini möhkəmləndirmiş, hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər həyata keçirmişdir. Xalqımızın böyük oğlu Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi möhtəşəm fəaliyyətinin yalnız xronologiyasını sadalamaq cild-cild kitablara sığmaz. Biz bu məqalədə bəzi məqamlara toxunmaq istəyirik.

Həmin dövrdə ulu öndərimizin rəhbərliyi ilə 31 dekabrın “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi qeyd olunması ilə bağlı tarixi qərar qəbul edilmiş, keçmiş SSRİ-dən miras qalmış təhlükəsizlik orqanları ləğv edilərək milli maraqlara xidmət edən yeni müvafiq qurum yaradılmış, rus qoşun hissələri muxtar respublikadan çıxarılmış, Naxçıvanın müdafiəsi üçün sistemli tədbirlər görülmüş, nizami ordu hissələri təşkil edilmiş, diyarımızın tarixi taleyi üçün müstəsna əhəmiyyətə malik Qars müqaviləsi yenidən gündəmə gətirilmişdir. Bundan başqa, uğurlu aqrar islahatlar aparılmış, yeni iqtisadi münasibətlər formalaşdırılmış, əhalinin sənaye mallarına, ərzaq məhsullarına kəskin ehtiyacının ödənilməsi, enerji təminatı sahəsində böhranlı vəziyyətin aradan qaldırılması üçün layihələr həyata keçirilmiş, ağıryüklü təyyarələrin qəbulu üçün Naxçıvan hava limanı yenidən qurulmuş, mədəni mühitin dirçəldilməsi, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması üçün mühüm addımlar atılmışdır. Ölkə­mizin ən kütləvi siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının təsis edilməsi, az vaxt ərzində böyük nüfuz qazanması da ulu öndərin fəaliyyətinin Naxçıvan dövrünə aiddir.

Ayrıca qeyd olunmalıdır ki, həmin illərdə muxtar respublikanın sosial-iqtisadi, siyasi və mədəni həyatının bütün sahələrində əsaslı yüksəlişin baş verməsi istiqamətində həyata keçirilən möhtəşəm tədbirlər sistemliliyi və kompleksliyi ilə səciyyələnir. Ulu öndər Naxçıvanı düşdüyü blokada vəziyyətinin çoxşaxəli çətinliklərindən xilas etmək məqsədilə yerli imkanlardan maksimum dərəcədə yararlanmaq üçün ardıcıl tədbirlər işləyib hazırlayır, onları uğurla reallaşdırırdı. Məsələn, ölkədə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi 6 aprel 1992-ci il tarixdə “Zərərlə işləyən kolxoz və sovxozların özəlləşdirilməsi haqqında” Qərar qəbul etmiş, qısa müddət ərzində muxtar respublikada aqrar islahatlar yüksək səviyyədə aparılmış, yeni mülkiyyət münasibətləri formalaşdırılmışdı.

Qonşu Türkiyə və İran dövlətləri ilə yaradılmış qarşılıqlı əlaqələr, təşkil olunan gömrük-keçid məntəqələri, tikilən körpülər blokadanın çətinliklərinin aradan qaldırılması, Naxçıvanın inkişafı baxımından özünəməxsus əhəmiyyət daşıyırdı. Naxçıvanda “Real” informasiya agentliyinin, Bakıda “Naxçıvan” qəzetinin fəaliyyətə başlaması, bölgədə baş verən proseslər, bədnam ermənilərin törətdiyi vəhşiliklər barədə dünyanın mötəbər beynəlxalq təşkilatlarına müntəzəm və təsirli məlumatların çatdırılması da bu qədim diyarın qorunmasına yönələn müdrik və qətiyyətli addımlar idi. 

Bütün digər sahələrlə yanaşı, humanitar məsələlər də görkəmli dövlət xadimi Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur. Naxçıvanlı gənc­lərin Türkiyənin müxtəlif universitetlərində ali təhsil almaq üçün göndərilməsi, səhiyyənin, ədəbi-mədəni mühitin inkişafına böyük qayğı göstərilməsi və sair tədbirlər bu qəbildəndir. Təkcə bir faktı xatırladaq ki, 23 oktyabr 1992-ci ildə Naxçıvanda ustad romantik ədib Hüseyn Cavidin 110 illik yubileyi qeyd olunmuş, ulu öndərimiz Heydər Əliyev tədbirdə iştirak və çıxış etmişdir. Bu kimi onlarla fakt sadalamaq olar.

Beləliklə, ümummilli liderimizin 1990-cı ilin iyul ayından 1993-cü ilin iyun ayına qədər Naxçıvanda yaşaması bu bölgəni onu gözləyən çox böyük fəlakətlərdən qorumuş, naxçıvanlıların gələcəyə olan ümidinin itirilməsinə imkan verməmiş, ulu öndərimizin ətrafında sıx birləşən muxtar respublika sakinləri blokadanın çətinliklərinə baxmayaraq, qurub yaratmış, müstəqil Azərbaycan dövlətinin qurulmasında yaxından iştirak etmişlər.

c94723ca-a5f2-4a5e-8aaf-d26222f77343

Azərbaycan Prezidenti cənab İlham Əliyev ümummilli liderimizin fəaliyyətinin Naxçıvan dövrü barədə danışarkən demişdir: “Sovet İttifaqının dağıldığı ərəfədə və ondan sonra Naxçıvan çox ağır günlər yaşayıb. O illərdə ancaq ulu öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bəlalardan qorudu. Azərbaycana edilmiş hərbi təcavüzdən – 1990-cı ilin 20 Yanvar faciəsindən sonra Heydər Əliyev sovet rəhbərliyini kəskin şəkildə ittiham etdi və Sovet İttifaqı Kommunist Partiyasından çıxdı. Bundan sonra ona qarşı böyük təzyiqlər başlandı. O, məcbur olub Moskvadan Bakıya döndü. Ancaq Bakıda o vaxtkı rəhbərlik təzyiqləri davam etdirirdi və Heydər Əliyev öz Vətəninə, doğulduğu yerə – Naxçıvana gəldi. Onun gəlişi Naxçıvanı böyük bəlalardan qurtardı. Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu”.

Azərbaycan “olum, ya ölüm” dilemması qarşısında qalanda xalq təkidlə Heydər Əliyevi Bakıya, ölkə rəhbərliyinə dəvət etmişdir. 1993-cü ilin 9 iyununda Bakıya gələn ulu öndərin 15 iyunda Milli Məclisin Sədri seçilməsi Vətənin və xalqın tarixində əsl Qurtuluş Gününə çevrilmişdir. Həmin ilin 3 oktyabrında xalqın böyük dəstəyi ilə ölkə Prezidenti seçilən dahi şəxsiyyət on il ərzində neçə-neçə qərinəyə bərabər işlər görmüş, tarixə müstəqil Azərbaycanın xilaskarı və qurucusu kimi daxil olmuşdur.

Ulu öndərimiz Heydər Əliyev Azərbaycana ikinci rəhbərliyi dövründə də Naxçıvana xüsusi diqqət və qayğı göstərmiş, blokadanın çətinliklərinin aradan qaldırılması, muxtar respublikanın inkişafı üçün mühüm tədbirlər həyata keçirmişdir.

65fba774-5a9e-4912-98f6-6db1d2c58586

Ümummilli liderimizin Naxçıvana səfərlərini əhali bayram kimi qeyd edir, naxçıvanlılar öz xilaskarlarını böyük sevinc və coşqu ilə qarşılayırdılar. Ulu öndərin hər səfəri tarixi hadisəyə çevrilir, regionun gələcəyi üçün tarixi qərarların qəbul edilməsi ilə yadda qalırdı.

Ulu öndərimizin “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz his­səsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin” – arzusunu yerinə yetirən ümummilli liderimizin siyasi kursunun davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvana xüsusi diqqət yetirir, regionun inkişafı üçün mühüm tədbirlər həyata keçirir. 2003-cü ildən ötən dövr ərzində Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Naxçıvanda böyük quruculuq proqramı gerçəkləşdirilmiş, təhsil, səhiyyə, mədəniyyət müəssisələri üçün yüzlərlə bina tikilmiş, yeni yollar çəkilmiş, istehsal və xidmət sahələri, elektrik stansiyaları yaradılmış, muxtar respublika 100 faiz qazlaşdırılmışdır.

Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da Naxçıvanı diqqətdən kənarda qoymamışdır. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəblər” layihəsi çərçivəsində Naxçıvanda da onlarla məktəb tikilmiş, muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqlar üçün mərkəz yaradılmış, elm, təhsil və mədəniyyət işçilərinə yüksək diqqət və qayğı göstərilmiş, onların problemlərinin həlli istiqmətində tədbirlər görülmüşdür.

Təəssüf ki, şəxsi ambisiyasının qurbanına çevrilən, göstərilən etimadı sona qədər doğrultmayan bəzi adamlar Naxçıvanda görülən işləri öz adlarına çıxmağa çalışırdılar. Amma bir atalar sözündə deyildiyi kimi: “Elin gözü tərəzidir”. Xalqımız hər şeyi görür. Naxçıvanlılar bilir ki, muxtar reaspublikada görülən bütün işlər, həyata keçirilən quruculuq tədbirləri Prezident İlham Əliyevin bu bölgəyə yüksək diqqət qayğısının, ulu öndərimizin arzularının reallaşdırılması istiqamətində apardığı işin nəticəsidir. Naxçıvan əhalisi əmindir ki, yeni dünyanın güclü lideri, görkəmli dövlət xadimi İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Naxçıvan bundan sonra daha sürətlə inkişaf edəcək, Zəngəzur dəhlizinin açılması ilə region blokadadan çıxacaq və muxtar respublika dünyanın logistik mərkəzlərindən birinə çevriləcəkdir. Yəni, Naxçıvanı qarşıda daha xoş günlər gözləyir.

Əlbəttə, bütün bu misilsiz nailiyyətlərin hamısı ulu öndər, böyük dövlət xadimi Heydər Əliyev siyasi kursunun ardıcıl və dönmədən davam etdirilməsinin nəticəsində qazanılır. Heydər Əliyev yolu sabahkı uğurlarımızın da etibarlı qarantıdır. Azərbaycanın özü kimi əbədi olan Heydər Əliyev ideyaları yolumuzu işıqlandıran sönməz məşəldir!

Ümummilli liderimiz Heydər Əliyevin müstəqil Azərbaycanın dünəni, bu günü və gələcəyi naminə həyata keçirdiyi tədbirləri ən dəqiq formada ulu öndərimizin özü belə ifadə etmişdir: “Bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, biz artıq öz taleyimizin, öz ölkəmizin sahibiyik”.

Təranə Quliyeva,

Naxçvan Muxtar Respublikası Baş nazirinin sabiq müavini

69234cb3-b779-4c90-bf98-a4d786f744c6