Qonşu ölkədə yoluxucu xəstəlik - Azərbaycanda təhlükə varmı?

Yazın gəlişi və temperatur artımları ilə əlaqədar olaraq qonşu Türkiyədə Krım-Konqo Hemorragik Qızdırması (KKHQ) xəstəliyində artım baş verib. Yerli mətbuatın yazdığına görə, ölkənin Sivas, Amasya, Tokat, Ərzincan, Giresun və Yozqat başda olmaqla bir çox bölgələrində KKHQ xəstəliyini ötürən gənələr görülür.
May ayında adı keçən xəstəlikdən, ikisi uşaq olmaqla, 5 nəfər ölüb.
Bəs xəstəliklə bağlı Azərbaycanda təhlükə varmı? Ölkədə adı keçən xəstəliyə yoluxma halları baş verirmi?
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən TNS-ə bildirilib ki, Azərbaycanda bu xəstəliklə bağlı indiyə qədər hər hansı bir təsdiqlənmiş və ya şübhəli hal qeydə alınmayıb: “Krım-Konqo Hemorragik Qızdırması (KKHQ) təbii ocaqlı, virus mənşəli yoluxucu xəstəlikdir. Güclü intoksikasiya, dalğavari hərarət, patoloji qanaxmalar, qansızmalar, qaraciyər və böyrək çatışmazlığı, əqli pozğunluq kimi klinik əlamətlərlə xarakterizə olunur. Xəstəliyin törədicisi Bunyaviridae ailəsinə məxsus virustur və arboviruslar qrupuna daxildir”.
Məlumatda qeyd olunub ki, virusun əsas mənbəyi Hyalomma növünə aid gənələr, vəhşi heyvanlar (dovşanlar, quşlar, bəzi gəmiricilər) və ev heyvanları (xırda və iri buynuzlu heyvanlar) hesab olunur: “İnsanlar bu infeksiyaya əsasən gənə dişləməsi ilə yoluxurlar. Bununla yanaşı, xəstə insan və ya heyvanın qanı, bioloji mayeləri və toxumaları ilə birbaşa təmas zamanı da yoluxma mümkündür. İnkubasiya dövrü adətən 3–5 gün, bəzi hallarda isə 1–14 gün arasında dəyişə bilər.
Yoluxma halları daha çox heyvandarlıqla məşğul olan şəxslərdə və kənd təsərrüfatı sahələrində müşahidə olunur. Ferma sahibləri, çobanlar, qəssablar və dağlıq ərazilərdə yaşayan insanlar risk qrupuna daxildir”.
Vurğulanıb ki, xəstəlik insandan insana hava-damcı yolu ilə keçmir. Bununla belə, son dövrlərdə bəzi ölkələrdə baş verən yoluxma halları zamanı tibb işçiləri arasında xəstəxanadaxili infeksiyalara da rast gəlindiyi bildirilib: “Azərbaycanda bu xəstəliklə bağlı indiyə qədər hər hansı bir təsdiqlənmiş və ya şübhəli hal qeydə alınmayıb. Bununla yanaşı, risk zonasına daxil olan bölgələrdə və heyvandarlıqla məşğul olan şəxslərə bədəni tam örtən geyimlərdən istifadə etmələri, şalvar ətəklərinin corabların içərisinə salınması tövsiyə olunur".
Qeyd edək ki, Krım-Konqo Hemorragik Qızdırmasının laborator diaqnostikasının aparılması üçün Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində bütün zəruri imkanlar mövcuddur.
Aygün