Close

Valideynlər peyvəndləmə prosesinə mane olur?

“Ötən ay həyata keçirilən immunlaşdırma həftəsi çərçivəsində daha çox poliomielit, difteriya, göyöskürək, tetanus, qızılca, məxmərək, epidemik parotit və pnevmokok infeksiyalarına qarşı peyvənd aparılıb”.

Məlumatı TNS-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi verib.

Bildirilib ki, tədbirin əsas məqsədi əvvəlki illərdə hər hansı səbəbdən immunlaşdırmadan kənarda qalmış uşaqların profilaktik peyvəndlərə cəlb edilməsi olub:

“Bu il keçirilən həftə çərçivəsində əsasən 1 yaşdan 10 yaşa qədər olan uşaqlar peyvəndləmə prosesinə cəlb olunublar. 

Uşaqların ciddi və yoluxucu xəstəliklərdən qorunması üçün onların vaxtında və təqvimə uyğun şəkildə peyvənd olunması son dərəcə vacibdir. Xəstəlik baş vermədən qabaqlayıcı tədbir kimi peyvəndləmə mütləq həyata keçirilməlidir”.

Peyvəndləmə prosesinə ən böyük maneənin nə olmasına gəlincə, nazirlikdən qeyd olunub ki, prosesə təsir göstərən əsas maneələrdən biri bəzi valideynlərin övladlarında peyvənddən sonra reaksiyalar olacağından narahatlıq keçirməsidir: “Qeyd edək ki, peyvənddən sonra bəzi yüngül yan təsirlərin müşahidə olunması mümkündür və bu, tamamilə normal hal sayılır. Bu reaksiyalar uşaqlar üçün nə təhlükəli, nə də zərərlidir”.

Qeyd olunub ki, Azərbaycan 2007-ci ildən Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun təşəbbüsü ilə həyata keçirilən İmmunlaşdırma Həftəsində mütəmadi olaraq iştirak edir. Ənənəyə uyğun olaraq, bu il də aprelin son həftəsində ölkə ərazisində İmmunlaşdırma Həftəsi təşkil olunub.

Aygün