Bu vəziyyət beynimizi kiçildir

ABŞ-də aparılan yeni araşdırmaya görə, uzun müddət oturmaq təkcə fiziki sağlamlığa deyil, beyin quruluşuna da mənfi təsir göstərir. Araşdırmaya görə, hətta gündəlik idman belə bu mənfi təsiri tam aradan qaldıra bilmir.
TNS xəbər verir ki, alimlər 50 və daha yuxarı yaşda olan insanların oturma vaxtı ilə beyin sağlamlığı arasındakı əlaqəni araşdırıb.
Araşdırma, oturaq həyat tərzinin alzheimer başda olmaqla, demans növlərini inkişaf etdirə biləcəyini ortaya qoyub. Üstəlik bu vəziyyətin aradan qalxması üçün yalnız idman etmək kifayət etmir. Oturmağa sərf olunan vaxtın azaldılmasının vacibliyi vurğulanıb.
Beyin kiçilməsinə səbəb ola bilər
Tədqiqatda yaşı 50-dən yuxarı olan 404 könüllü bir həftə ərzində taxılan sensorlarla izlənilib. İştirakçıların 87 faizi həftəlik tövsiyə olunan ən azı 150 dəqiqəlik məşq müddətinə əməl edib. Lakin məlum olub ki, gün ərzində daha uzun müddət oturanlarda beyin həcmində kiçilmə və koqnitiv geriləmə əlamətləri müşahidə olunub.
Xüsusilə yaddaşla əlaqəli olan hipokampus bölgəsində incəlmə müşahidə olunub. Bu bölgənin alzheimer xəstəliyindən təsirlənən ilk beyin bölgələrindən biri olduğu bilinir.
Araşdırmaya görə, oturma vaxtı ilə beyin sağlamlığı arasında birbaşa səbəb-nəticə əlaqəsi qurulmasa da, hərəkətsizliyin artması ilə beyində yaşlanma prosesinin daha sürətli irəlilədiyi müşahidə edilib.
Genetik olaraq alzheimer xəstəliyinə meylli olan fərdlərdə bu əlaqənin daha da güclü olduğu aşkar edilib.
Həkimlər bildirib ki, xüsusən də genetik risk altında olan insanların gün ərzində oturmağa tez-tez fasilə verməsi beyin sağlamlığı üçün çox vacibdir. Mütəxəssislər, eyni zamanda idmanın əhəmiyyətini önə çəkir.
Aygün