Bakıda bir nəfəri gürzə sancdı- Təhlükədən necə qorunmalı?

Havaların qızması ilə əlaqədar ilan sancması hallarına rast gəlinir. Belə ki, Kliniki Tibbi Mərkəzə ilan sancması ilə bağlı apreldə 6, may ayında isə artıq 4 müraciət olub.
Bu barədə TNS-ə professor, Kliniki Tibbi Mərkəzin baş toksikoloqu Azər Maqsudov məlumat verib.
O bildirib ki, müraciət edənlər arasında ölüm halı qeydə alınmayıb.
Baş toksikoloq Bakıdan da ilan sancması ilə bağlı müraciət qeydə alındığını deyib: “Bakıdan bir nəfər gürzə ilanının sancması ilə bağlı müraciət edib. Vəziyyəti ağır dərəcəyə yaxın olub. Amma vaxtında zərdab vurulub. Zərərçəkən müalicə olunub və sağalıb”.
Həkimin sözlərinə görə, havalar qızdıqca müraciətlərin sayı artacaq. O, kifayət qədər zərdab olduğunu da vurğulayıb: “Zərdabla bağlı problem yoxudr. İlan sancan xəstəyə vaxtında zərdab vurulanda ölüm təhlükəsi 80-90 faiz aradan qalxır”.
"Əsasən gürzə ilanının sancmasından ölüm halı baş verə bilir. Gürzənin zəhəri neyrotoksikdir, mərkəzi sinir sisteminə təsir edir və bloka salır. Bununla yanaşı, qana toksiki təsir göstərir.
İlan sancan insanı mütləq şəkildə hərəkətsiz vəziyyətdə saxlamaq lazımdır. Yara yerini heç nə ilə bağlamaq lazım deyil. Buz qoymaq olar. Xəstəni qısa zamanda, hərəkət etdirmədən həkimə çatdırmaq vacibdir. Əvvəlcə mütləq zərdab vurulmalı və bundan sonra lazım olan müalicələr aparılmalıdır”,- Azər Maqsudov əlavə edib.
Aygün