Biz niyə unuduruq?

“Unutqanlığın müəyyən yaşdan sonra normal hal olduğunu düşünmək doğru deyil. Yaşlı insanlarda demensiyanın normal olduğu düşünülür. Amma, bu yanaşma doğru deyil”.
TNS xəbər verir ki, bunu türkiyəli professor Hüseyn Alparslan Şahin yerli mediaya açıqlamasında deyib.
O bildirib ki, unutqanlıq problemi olan insanlar xəstəxanalara müraciət etməyə laqeyd yanaşırlar. Eyni zamanda, diaqnozu qoyulan xəstələr dərmanlarını vaxtlı-vaxtında qəbul etmirlər: “Təyin olunan dərmanları ömürlük istifadə etmək lazımdır. Amma diaqnoz qoyulan xəstələrin yalnız 30-40 faizi dərmanlarını sona qədər istifadə edir. Qalanları dərmanlarını nə vaxtsa dayandırırlar. Bu, doğru deyil. Onu da deyim ki, xəstəlikdən 100 faiz qoruyucu dərman yoxdur. Unutqanlıq problemindən qorunmaq üçün sosial olmaq, yazmaq, oxumaq, düzgün qidalanmaq vacibdir”.
Həkim qeyd edib ki, son zamanlarda ABŞ-də istifadəsinə icazə verilən iki dərman alzheimer xəstəliyinin patofiziologiyasını hədəf alaraq xəstəliyi dayandırmaq potensialına malikdir: “Amma bu dərmanlar xüsusilə heyvan tədqiqatlarında çox yaxşı nəticələr versə də, insanlara tətbiq olunduqda o qədər də yaxşı nəticə vermədi. Amerika Qida və Dərman İdarəsi bu dərmanları təsdiqlədi. Onların effektivlik nisbəti yüzdə 30 civarındadır. Həmin dərmanlar bir az bahadır”.
Aktiv həyat həm beyin, həm də ürək üçün faydalıdır
Professor bildirib ki, ürəyimiz üçün faydalı olan qidalar beynimiz üçün də faydalıdır: “Xolesterolu az olan qidalar yemək, Aralıq dənizi pəhrizinə riayət etmək, idman etmək, aktiv həyat tərzi keçirmək lazımdır. Bunlar beyinə çox faydalıdır. Əgər unutqanlığın qarşısını almaq üçün fəaliyyətə 60-70 yaşlarında başlasanız, bunun faydası o qədər də olmur. Ona görə də 20, hətta daha erkən yaşlarda başlamaq vacibdir.
Demensiyanın ailədə olması riski artırır
Həkim onu da vurğulayıb ki, hər unutqanlıq demensiyanın başlanğıcı deyil: “Hər bir unutqanlıq qiymətləndirilməlidir. Demensiya olub-olmadığı aydınlaşdırılmalıdır. Amma hər bir unutqanlığa ciddi yanaşmaq və mütləq həkimə müraciət etmək lazımdır. Ailədə olması riski artırır. Genetik ötürülmə təxminən 3-5 faiz olsa da, genə keçməsə belə, xəstəlik genetik ötürülür. Ailədə alzheimer xəstəsi, xüsusən də valideynlərinizdə, birinci dərəcə qohumlarınızda bir nəfər varsa, xəstələnmə riski iki qat artır.
Hər kəs xırda şeyləri unudur. Bu, gündəlik həyatımıza mənfi təsir göstərmir. Ancaq təsir etməyə başlayanda və ya yaxın ətrafımız unutqanlığımızın fərqindədirsə və bunu müşahidə edirsə, gecikmədən mütləq həkimə müraciət edilməlidir".
Professor əlavə edib ki, xroniki yuxusuzluq, pis qidalanma və zərərli vərdişlər demensiyaya səbəb olmasa da, əksinə riski artırır.
Aygün