Close

COVİD-19 peyvəndi ürək xəstəliklərini artırıb?

Türk Ürək və Damar Cərrahiyyəsi Dərnəyi Başçısı doktor Murat Sarqın COVİD-19 peyvəndi vurulan insanlarda ürək xəstəliklərinin artması ilə bağlı yayılan xəbərlərin elmi məlumatlara söykənmədiyini açıqlayıb.

TNS xəbər verir ki, bu barədə Anadolu Agentliyinə danışan doktor bildirib ki, son vaxtlar erkən yaşlarda meydana gələn infarkt halları gənclər arasında bu xəstəliyin artması demək deyil: “Əhali sayı artdıqca xəstələnən insanların sayı da artır. Bundan əlavə, indiki əhalinin piylənmə və siqaret çəkmə nisbətləri yüksəkdir. Bu da müəyyən risk faktorları yaradır.  Lakin bunların nəticəsində gənc yaşda ölüm hallarının bilavasitə artdığını söyləmək düzgün deyil. Gənclərin 10 il əvvəllə müqayisədə daha çox risk altında olduğunu göstərən heç bir həyəcanverici məlumat yoxdur. Ürək və ürəklə bağlı ölümlər bütün dünyada yüzdə 40 ilə 50 arasındadır”.

Doktor Murat Sarqın ürək-damar xəstəliklərindən ölümləri COVİD-19-la əlaqələndirməyin mümkün olmadığını da deyib: “İngiltərədə 46 milyon insanın bütün məlumatlarını təhlil edən bir araşdırma nəşr olunub. Araşdırma, COVİD-19 peyvəndi alanlarda həm ürək, həm də damar xəstəliklərindən ölümlərin daha az olduğunu ortaya qoyub.
Bənzər araşdırmalar Türkiyədə də aparılıb, lakin məlumatlar hələ açıqlanmayıb.

Aygün