Close

Bu peyvəndlər 13 yaşından sonra təkrar edilməlidir- VALİDEYNLƏR DİQQƏT

Uşaqlıq çağında edilən peyvənd bir çox xəstəlikləri tarixə çevirib. UNICEF-in məlumatına görə, əgər bütün uşaqlar peyvənd olunarsa, yaxın 10 ildə ən azı 25 milyon insanın həyatını xilas etmək olar.
Peyvəndlərlə bağlı maraqlı məsələlərdən biri də onların uşaqları hansı xəstəliklərdən və nə qədər müddətə qorumasıdır.

TNS bununla bağlı türkiyəli professor Vefik Arıcanın yerli mətbuata verdiyi açıqlamanı təqdim edir.

Professor bildirib ki, hepatit B peyvəndi qaraciyər infeksiyası və sirozdan, adətən ömürlük qoruma təmin edir: “Hepatit B ilə bağlı təkrar dozalar nadir hallarda tələb olunur. Digər peyvəndlər və onların qorunma müddətləri fərqlidir.

BSG peyvəndi vərəmdən qoruyur. Bir doza adətən həyat boyu kifayət edir. DaBT-İPA-Hib peyvəndi difteriya, göyöskürək, poliomielit, meningit və pnevmoniyaya qarşı immunitet təmin edir. DaBT peyvəndinin qoruma müddəti 10 il davam edir. 13 və sonrakı yaşlar üçün təkrar doza tələb olunur. Pnevmokok peyvəndi sətəlcəm bakteriyasına qarşı peyvənddir.

Poliomielitin (uşaq iflici) qarşısını almaq üçün oral poliomielit peyvəndi edilir. Hepatit A peyvəndi hepatit A virusunun yaratdığı qaraciyər iltihabından qoruyur. Uzunmüddətli qorumanı təmin edir və adətən təkrar dozalar tələb etmir. Suçiçəyi peyvəndi suçiçəyi və onun ağırlaşmalarından qoruyur. Adətən ömürlük qoruma təmin edir və təkrar dozalar nadir hallarda tələb olunur. Qızılca-parotit-məxmərək (MMR) peyvəndi bu xəstəliklərə qarşı uzunmüddətli qorunma təmin etsə də, təkrar doza tətbiq oluna bilər”.

Valideynləri narahat edən əsas məsələlərdən biri də peyvəndlərin yan təsirləridir. Professor ən çox görülən yan təsirləri belə izah edir: “Elmi məlumatlar uşaqlıq dövründə tətbiq edilən rutin peyvəndlərin təhlükəsiz olduğunu və ciddi yan təsirlərin olduqca nadir olduğunu açıq şəkildə göstərir.

Peyvənddən sonra ilk 24 saat ərzində qızdırma yarana bilər. Adətən 38-38,5 dərəcəni keçmir. Peyvənd edilən yerdə qızartı, şişkinlik və həssaslıq yarana bilər. Lakin bu əlamətlər bir neçə gün ərzində öz-özünə yox olur. Narahatlıq, yuxusuzluq və ya müvəqqəti iştahsızlıq müşahidə oluna bilər. Xüsusilə kombinə edilmiş peyvəndlərdən sonra yorğunluq və halsızlıq müşahidə edilər.
Əslində, bütün bu əlamətlər immun sisteminin peyvənd üçün normal və gözlənilən reaksiyalarıdır”.

Bəs hansı yan təsirlərə görə həkimə müraciət olunmalıdır?

Professor bildirib ki, qızdırma 39,5 dərəcədən yuxarı qalxarsa və ya 3 gündən çox davam edərsə, peyvənd edilən yerdə şiddətli ağrı, sərtlik, geniş yayılmış qızartı olarsa, peyvənddən sonra şüur dəyişikliyi, qıcolma (konvulsiya) və ya tənəffüs çətinliyi olarsa, uşağın sağlamlığında ümumi vəziyyət pisləşirsə, mütləq həkimə müraciət olunmalıdır.

Professor onu da vurğulayıb ki, kütləvi immunitet qazanmaq və epidemiyaların qarşısını almaq üçün peyvənd cədvəlinə tam uyğunluq vacibdir: “Valideynlərin övladlarını vaxtında peyvənd etmələri həm öz uşaqlarının, həm də cəmiyyətin sağlamlığının qorunmasında mühüm rol oynayır. Peyvənd cədvəlinə tam əməl etmək uşaqlarımızın sağlam gələcəyi üçün ən güclü silahımızdır”.

Qeyd edək ki, Azərbaycanın səhiyyə naziri Teymur Musayev 27 aprel – 3 may 2025-ci il tarixlərində respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı əmr imzalayıb.

Aygün