Pediatrdan çağırış: " Peyvənd ona görə vacibdir ki..."

Aprelin 27-dən mayın 3-dək respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçiriləcək.
Bununla bağlı Səhiyyə Nazirliyinin imzaladığı əmrə əsasən, Azərbaycanın bütün şəhər və rayonlarında təşkilatı-hüquqi formasından asılı olmayaraq, uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən bütün tibb idarə və müəssisələrin rəhbərlərinə “İmmunlaşdırma həftəsi”nin keçirilməsi tapşırılıb.
Respublikanın şəhər və rayonlarında hər hansı səbəbə görə peyvənddən kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb edilməsi sənəddə öz əksini tapıb.
Bəs bu gün ölkədə uşaqların peyvəndə cəlb edilməsi ilə bağlı mövcud vəziyyəti necə qiymətləndirmək olar? Uşaqların peyvənd olunması nə qədər vacibdir?
Mövzu ilə bağlı TNS-ə danışan tanınmış pediatr Vaqif Qarayev bildirib ki, ölkəmizdə insanlar son vaxtlar peyvəndən qorxurlar:“Son vaxtlar insanlar peyvənddən cindən qorxan kimi qorxurlar. Amma, buna qorxu yox, sadəcə məsuliyyətsizlik deyərdim. Ötən il ölkədə qızılca xəstəliyi geniş yayılmışdı. O zaman hər gün peyvəndin vacibliyi ilə bağlı yazırdım. İnsanlar məni söyürdülər, təhqir edirdilər. Peyvəndin ziyan olduğunu irəli sürürdülər. Maraqlısı odur ki, təhqir edənlər sonradan uşağını ağır halda xəstəxanaya gətirib, kömək istəyirdilər. Hazırda qəribə vəziyyət yaranıb. Sosial şəbəkələrdə boşboğazlıq edənlərin dediklərinə ciddi yanaşırlar. Amma həkimlərin dediyinə inanmırlar”.
Pediatr qeyd edib ki, sovet dövründə peyvəndləmə məcburi idi: “O zaman heç kim peyvənddən imtina edə bilməzdi. O dövrdə mən heç vaxt qızılca, göyöskürək, difteriya kimi xəstəliklərin epidemiya halını aldığını görmədim. İndi peyvəndləmə qanunla könüllüdür. Nazirlik nə etməlidir? İnsanlar bu məsələyə laqeyd yanaşırlar."
Həkim saytımız vasitəsilə valideynlərə övladlarını peyvənd etdirmələri üçün çağırış edib: "Sonra gec olur. Qızılcanın epidemiya olduğu vaxt, az qalsın, gündə bir uşaq ölürdü. Hamı ayağa qalxırdı ki, uşaqları necə qurtaraq? Bu işin çarəsi peyvənddir. Uşaqlar peyvənd altına düşən bütün xəstəliklərə qarşı peyvənd olunmalıdır”.
Qeyd edək ki. bu gün Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva ölkəyə daxil olan bütün vaksinlərin Ümumdünya Səhiyyə Təşkilatının təhlükəsizlik və effektivlik standartlarına cavab verdiyini açıqlayıb.
Aygün