Close

22:41
18 Aprel 2025

Mövsümündən əvvəl yeyilən meyvələrin gizli təhlükəsi

Artıq mağaza və bazarlarda yeni çıxan çiyələk, alça, hətta ərik kimi meyvələr görünməyə başlayıb. Rəngi və dadı yerində olmasa da, diqqət çəkən meyvələr insanlar tərəfindən alınır.
Bəs bu mövsümdə yeyilən meyvələr bizə lazım olan vitaminləri verə bilirmi? Digər tərəfdən, tez yetişdirilən məhsullar sağlamlığımıza necə təsir edə bilər?

Mövzu ilə bağlı TNS Qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovadan məlumat alıb.

O bildirib ki, mövsümündə olmayan meyvə-tərəvəzin vitamin və mineral dəyəri təbii məhsulda olduğundan xeyli aşağı olur: “Xüsusilə də meyvələrin tez yetişməsi və məhsuldarlığı üçün istifadə olunan süni işıq, süni istilik, kimyəvi dərmanlar, hormonlar, pestisidlər məhsulun vitamin və mineral dəyərinin aşağı olmasına səbəb olur. Bu meyvələr insanlarda, xüsusilə azyaşlı və yaşlı insanlarda, immun sistemi aşağı olanlarda, allergiya meyilliyi olanlarda, xroniki xəstəliyi olanlarda, hamilə və süd verən qadınlarda daha ağır nəticələrlə özünü göstərə bilər. Meyvələri qəbul etdikdən sonra zərərləri özünü daha çox allergiya, qaşıntı, səpki kimi göstərsə də, bəzi insanlarda həzm problemi də yaranır”.

Qida mütəxəssisi vurğulayıb ki, uzun müddət süni şəkildə yetişdirilən meyvələri qəbul edən insanlarda, istifadə olunmuş kimyəvi dərmanların təsirindən, qaraçiyər və böyrəklərin funksiyası pozulur: “Yaxşı olar ki, hər meyvəni öz mövsümündə qəbul edək və xüsusilə də, yerli olanlara üstünlük verək. Çünki xaricdən gətirilən meyvələr kal şəkildə yığılır və xarab olmaması üçün kimyəvi dərmanlarla saxlanılır. Bunlar da sağlamlıq problemlərinə səbəb ola bilər”.

Aygün