Close

22:41
18 Aprel 2025

Ölkəmizi bəzəyən təbiət möcüzəsi - Ondan istifadə edə bilirikmi?

“Azərbaycan palçıq vulkanlarının sayına görə dünyada ilk sıralarda olsa da, hazırda vulkanların potensialından tam istifadə olunmur”.

Bunu TNS-ə açıqlamasında turizm üzrə mütəxəssis Ceyhun Aşurov deyib.

O, palçıq vulkanlarının turizm məhsulu olduğunu və hazırda ölkəmizdə bu vulkanların turizm məhsulu halına salınması prosesinin getdiyini bildirib: “Son dövrlər marşrutlar hazırlanıb, turistlər həmin ərazilərin yaxınlığına kimi aparılır. Amma vulkanlar tam məhsul halına gətirilmədiyi üçün turistlər tərəfindən çox da geniş istifadə olunmur. Palçıq vulkanları maraqlı, eyni zamanda təbii məhsuldur. Bəzi ölkələrdə palçıq vulkanlarının gillərindən, digər materiallarından kosmetik vasitələr üçün və yaxud da müəyyən vannaların qəbulu məqsədilə istifadə olunur. Çünki zəngin mineral tərkibi var. Gələcəkdə Azərbaycanda da bu vasitələrdən tam istifadə mümkündür. Bunların öz istehlakçıları var və turistlər üçün maraqlı məhsullardan ola bilər”.

Vulkanların bəzilərinin hazırda da aktiv olduğunu, qaynamaqda olduğunu deyən mütəxəssis, turizmi inkişaf etdirmək istəyən ölkənin turizm məhsullarının çeşidlərini daha da genişləndirməli olduğunu vurğulayıb.

“Palçıq vulkanlarının məhsullarını əldə etmək üçün infrastrukturun olması, əlçatanlıq kimi məsələlər həll olunmalıdır. Turizm çeşidliliyinin artırılması turistlər üçün yaxşı mənada əlavə xərclərə səbəb olur ki, bu da həm gələn turistlərin vaxtının daha faydalı keçməsi, eləcə də ölkənin turizmdən daha çox fayda götürməsi üçün əlavə imkanlar yaradır”,- Ceyhun Aşurov əlavə edib.

Qeyd edək ki, Azərbaycanda palçıq vulkanlarının sayı 400-ə yaxın hesablanır və bu, planetimizdə olan vulkanların yarısını təşkil edir.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 15 avqust tarixli Sərəncamı ilə Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarının bir hissəsinin ərazisində «Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu» yaradılıb.

Müvafiq Sərəncama əsasən qoruğun yaradılmasının əsas məqsədi kimi palçıq vulkanlarına antropogen təsirlərin azaldılması, ərazidə aparılan intensiv inşaat işləri və vulkanların püskürmə ehtimalı olan zonalarda yaşayış binalarının inşasının qarşısınının alınması göstərilmişdir. 12322,84 ha sahədə 43 palçıq vulkanının ərazisi qoruq elan edilib.

Aygün