Close

22:41
18 Aprel 2025

Sağlamlıq və xoşbəxtlik üçün bu mikroblarla dost olun

Müasir uşaqlar daha çox gigiyenik mühitdə, steril oyun meydançalarında böyüyürlər. Əllər tez-tez dezinfeksiya edilir və ətraflar antibakterial məhsullarla təmizlənir.

Bəs bu qədər təmizlik uşaqların təbii mikrobiom (bağırsaqlarımızın içində yaşayan mikroskopik canlılar) müxtəlifliyinə mane olurmu?

Bağırsaqlarımızda yaşayan trilyonlarla faydalı bakteriya bədənimizin müdafiə mexanizmini təkmilləşdirir, eyni zamanda həzmə və hətta əhvalımıza təsir edir. Bu baxımdan, mütəxəssislər çirklənmənin düşündüyümüzdən də mühüm rol oynadığına diqqət çəkirlər.

TNS mövzu ilə bağlı “TRTHABER”ə danışan Şişli Sağlamlıq Elmləri Universiteti professoru Ayşe Merve Ustanın açıqlamasını təqdim edir.

Bağırsaqdakı görünməz qəhrəmanlar

Bağırsaqlarımızda məskunlaşan faydalı bakteriyalar uşaq sağlamlığının görünməyən qəhrəmanlarıdır. Onlar həzmdən tutmuş immunitet sisteminə və hətta bəzi vitaminlərin (məsələn, K vitamini) istehsalına qədər mühüm vəzifələri yerinə yetirirlər.

Professor bildirib ki, bağırsağımızda trilyonlarla bakteriya, göbələk və s. var: “Bağırsaqda olan mikroorqanizmlərin əksəriyyəti faydalıdır və onlara bağırsaq mikrobiotası deyilir. Uşaqlıq dövründə sağlam bağırsaq mikrobiotasına sahib olmaq həm böyümə, həm inkişaf, həm də immunitet sistemi üçün çox əhəmiyyətlidir”.

O qeyd edib ki, uşaqların bağırsaqları sağlam olduqda həm fiziki, həm də əqli cəhətdən daha yaxşı vəziyyətdə olurlar. Bağırsaqlardakı faydalı bakteriyalar allergik və xroniki xəstəliklərə qarşı müdafiəni inkişaf etdirir və hətta psixi sağlamlığa müsbət təsir edir. Əgər mikrobların bağırsaqlarımızda yayılması faydalı şəkildə olarsa, daha sağlam olarıq.

“Təbii ki, gigiyena vacibdir. Bununla belə, uşaqların mikroblarla hətta minimal təmasda olmasına imkan verməmək faydalı bakteriyaların məhvinə səbəb ola bilər. Gigiyena vəsvəsəsi və həddindən artıq steril həyat tərzi uşaqların bağırsaq mikrob mühitinə mənfi təsir göstərə bilər. Mikrob müxtəlifliyi orqanizmin müxtəlif mikroblara qarşı necə mübarizə aparmağı öyrənməsi üçün vacibdir",- A.M.Usta burğulayıb

Professorun sözlərinə görə, təbiətlə təmasda böyüyən uşaqlar heyvanlarla, torpaqla oynayır və daha çox ətraf mühit mikrobları ilə qarşılaşırlar. Bu isə müxtəlif bağırsaq mikrob mühiti yaratdığından uşaqların immun sistemləri daha güclü olur: “Təbii ki, çirklənmiş mühitlərdə düşünmədən risk etməkdən danışmırıq. Sadəcə gündəlik yaşayışımızı təmizliyə olan ehtiyacı şişirtmədən, təbiətlə təmasın dəyərini bilərək nizamlamalıyıq. Uşaqlıqda mikroblara az məruz qalma allergiya, astma və otoimmün xəstəliklərə səbəb ola bilər. Uşaqlarımızın təmiz olması çox gözəldir, lakin lazım olduqda onların torpaq ev heyvanları ilə çirklənməsinə icazə vermək də yaxşıdır. Hətta xoşbəxt hiss etmək belə bununla bağlı ola bilər. Bağırsaq ikinci beynimizdir. Dopamin və serotonin kimi xoşbəxtlik hormonları bağırsaq-beyin əlaqəsi səbəbiylə mikrob mühitindən təsirlənir. Təbiətdə böyüyən uşaqlarda stress səviyyəsi aşağı, əhval-ruhiyyə daha yaxşı ola bilər".

Balanslaşdırılmış gigiyena üçün məsləhətlər

Ailələri ən çox narahat edən sual gigiyena sərhəddinin harada olmasıdır.

Professor bildirib ki, uşaqlara yeməkdən əvvəl, tualetdən istifadə etdikdən sonra və xəstə insanlarla təmasdan sonra əllərini yumağı, əllərini yuyarkən sabun və sudan istifadə etməyi öyrətmək lazımdır: “Daim hər yeri dezinfeksiya etmək və ya antibakterial sabunlardan istifadə etmək əvəzinə evdə sabun və su kifayətdir. Dezinfeksiyaedicinin lazımsız və həddindən artıq istifadəsi məqsədəuyğun deyil. Antibakterial sabunlar və dezinfeksiyaedici maddələr xəstəxana mühitlərində, insanların sıx olduğu mühitlərdə və epidemiyalar zamanı istifadə edilə bilər".

Aygün