İnsanın belini bükən, səsini zəiflədən xəstəlik sürətlə artır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, son 25 ildə dünyada parkinson xəstəliyindən əziyyət çəkənlərin sayı iki dəfə artıb.
2050-ci ilə qədər bütün dünyada xəstələrin sayının 25 milyonu keçəcəyi gözlənilir. Bu artımın ən böyük səbəbi kimi əhalinin sürətlə qocalması göstərilir.
TNS ÜST-ün məlumatlarına istinadla xəbər verir ki, dünyada parkinson xəstəliyindən əziyyət çəkənlərin əksəriyyəti 60 yaşdan yuxarı insanlardır. Dünyada 10 milyondan çox şəxs bu problemlə mübarizə aparır. Statistikaya görə, kişilərdə xəstəliyə tutulma halları qadınlara nisbətən 1,5 dəfə çoxdur.
Qeyd edək ki, aprelin 11-i Ümumdünya Parkinsonla Mübarizə Günü kimi qeyd olunur.
Bəs, parkinson xəstəliyi hansı səbəblərdən yaranır? Ümumiyyətlə, xəstəliyin müalicəsi mümkündürmü?
Nevroloq Qalib Əsədov mövzu ilə bağlı TNS-ə verdiyi açıqlamada bildirib ki, parkinson xəstəliyi zamanla proqressivləşən, neyrodegenerativ xəstəlikdir: “İnsan beynində dopamin hazırlayan xüsusi neyronlar var. Bu neyronlar zamanla hansısa səbəbdən məhv olur və dopamin hazırlanma prosesi pozulur. Bu hal parkinson adlanan xəstəliyin yaranmasına səbəb olur. Neyronların məhv olma səbəbləri, xəstəliyin etologiyası ilə bağlı müxtəlif nəzəriyyələr var. Əsasən, irsi faktor, stress, əsəbi gərginlik, qidalanma, ətraf mühitin təsirləri kimi səbəblər irəli sürülür. Xəstəlik daha çox yaşlılarda görünsə də, gənclərdə də yarana bilir. Xüsusilə, futbolçularda, boksla məşul olanlarda daha tez-tez rast gəlinir. Görünür ki, bu insanlar daha tez-tez kəllə travması alırlar və beyin travma aldığı üçün bu xəstəlik yarana bilir. Məhşur insanlardan Məhəmməd Əli, Roma Papası II İohann Pavel bu xəstəlikdən əziyyət çəkib”.
Nevroloq Azərbaycanda da bu xəstəlikdən əziyyət çəkən insanların kifayət qədər çox olduğunu qeyd edib.
Qabil Əsədov bildirib ki, əllərdə əsmə, əzələlərdə tonusun artması, bu səbəbdən hərəkətin zəifləməsi, beldə bükülmə, səsin zəifləməsi kimi əlamətlərlə özünü göstərən xəstəliyi tam mülaicə etmək mümkün olmasa da, bir sıra tədbirlər görmək mümkündür: “Əsməni azaltmaq, xəstəliyin inkişafını dayandırmaq üçün farmokoloji preparatlar mövcuddur. Bu dərmanlar yaranmayan dopomini bərpa edir. Xəstəliyin cərrahi yolla müalicəsi də mümkündür. Beyinə xüsusi cihaz yerləşdirilir və qara maddənin verdiyi elektrik impuluslarını həmin cihaz əvəzləyir ki, bunlar da xəstələrə kömək edir”.
Aygün