Meymunçiçəyi təhlükəsi davam edir? – RƏSMİ

COVID-19 pandemiyasından əvvəl dünyada təhlükəli virusun aşkarlandığı açıqlanmışdı.
İlk dəfə 1970-ci ildə aşkarlanan mpox (meymunçiçəyi kimi də tanınır) virusuna 2017-ci ildə Nigeriyada 500-dən çox insanın yoluxduğu, onlardan 200 nəfərinin öldüyü bildirilmişdi.
2019-cu ilin sonlarında aşkarlanan, böyük məhdudiyyətlərə, qapanmalara səbəb olan koronavirusun yayılmasından sonra mpox bir az unuduldu. Amma COVID-19-un başa çatması ilə yenidən gündəmə gəldi. 2023-cü ilin sonlarından bu xəstəliklə bağlı qorxulu statistikalar açıqlanırdı. Hazırda meymunçiçəyi virusu yenə gündəmdən düşüb.
Məlumat üçün bildirək ki, Azərbaycanda da yanvar ayında bir nəfər bu virusa yoluxub. Səhiyyə Nazirliyi və TƏBİB birgə məlumat yaymışdı ki, 22 yaşlı Azərbaycan vətəndaşı bu il yanvarın əvvəlində xarici ölkəyə səfər edib, qayıdandan sonra onda halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları müşahidə olunub. Analizlərin nəticəsində onda mpox virusu aşkarlanıb. Həmin şəxs xəstəxanada karantin şəraitində müalicə aldıqdan sonra tam sağalıb və evə buraxılıb.
Maraqlıdır, Azərbaycanda həmin gəncdən sonra bu virusa yoluxan olub?
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən TNS-ə bildirilib ki, belə hallar olduqda ictimaiyyətə məlumat verilir.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrika qitəsində yayılan mpox virusuna görə bir neçə il əvvəl qlobal fövqəladə vəziyyət elan etmişdi. Həmin vaxt virus son illərdə ilk dəfə Afrikadan kənarda- İsveçdə də aşkarlanmışdı.
Meyminçiçəyi nədir?
Bu infeksiya təbii çiçək xəstəliyi ilə eyni ailəyə mənsub viruslara aid olsa da, o qədər aqressiv deyil, yoluxma ehtimalı daha azdır.
İnfeksiyanın mənbəyi əsasən, Mərkəzi və Qərbi Afrika ölkələrinin ucqar hissələrində, tropik yağış meşələrinin yaxınlığında yerləşir.
Virusun iki əsas növü var: Qərbi Afrika və Mərkəzi Afrika.
İlkin simptomlara yüksək temperatur, baş ağrısı, şişkinlik, bel ağrısı, əzələ ağrısı və ümumi halsızlıq daxildir.
Hərarət azaldıqdan sonra səpgilər əmələ gələ bilər. Onlar adətən üzdən başlayır və sonra bədənin digər hissələrinə, daha çox ovuclara və ayaqların altına yayılır.
Kəskin qaşıntıya səbəb olan səpgilər müxtəlif mərhələlərdən keçir, qabıq qoyandan sonra azalır. Onlar dəridə izlər buraxa bilər.
Adətən 14-21 gün davam edən xəstəlik öz-özünə səngiyir.
Meymunçiçəyi virusu ona yoluxan şəxslə yaxın təmasda olanlara ötürülür. Virus bədənə dəri sıyrıqları, tənəffüs yolları, göz, burun və ya ağız vasitəsilə yol tapa bilər. Həmçinin meymun, siçovul və dələ kimi yoluxmuş heyvanlar, yataq dəsti və paltar kimi əşyalar vasitəsilə də yayılır.
Əksər hadisələr mülayim formada olur, bəzən suçiçəyi xəstəliyinə bənzəyir, bir neçə həftə ərzində öz-özünə yox olur.
Meymunçiçəyi bəzən daha kəskin keçir. Məsələn Qərbi Afrikada ölümlərə səbəb olub.
Virus ilk dəfə meymunda aşkar edilib və 1970-ci ildən bəri 10 Afrika ölkəsində sporadik epidemiyalar qeydə alınıb.
Afrikadan kənarda xəstəliyin ilk yayılması halı 2003-cü ildə ABŞ-da qeydə alınıb. O vaxt virus xırda məməlilərdən yoluxan çöl itləri ilə yaxın təmas vasitəsilə yayılıb. Qeydə alınan 81 hadisə nəticəsində ölən olmayıb.
İndiyədək məlum olan ən böyük epidemiya 2017-ci ildə Nigeriyada baş verib.
Meymunçiçəyinin müalicəsi yoxdur, lakin infeksiyanın qarşısının alınması ilə onun yayılmasına nəzarət etmək olar.
Bu infeksiyaya qarşı təbii çiçək peyvəndinin 85 faiz təsirli olduğu təsdiqlənib.