Təmizlik imandan gəlir, ya öldürür?

İnsanlar təxminən beş min ildir kimyəvi maddələri təmizlik vasitələri kimi istifadə edirlər. Məsələn, qədim Romadakı təmizlik işçiləri sidiyin parçaları təmizləmək üçün istifadə edə biləcəyini kəşf ediblər. Xoşbəxtlikdən, o vaxtdan bəri çox yol qət edilib.
Xüsusilə Covid-19 pandemiyası gündəlik gigiyena vərdişlərimizi dəyişdirib və bir çox insanlar evlərində patogenlər (hər hansı bir orqanizm və ya xəstəliyə səbəb olan maddələr) haqqında daha şüurlu olublar.
TNS gündəlik istifadə etdiyimiz təmizlik vasitələrinin zərərləri ilə bağlı araşdırmanı təqdim edir.
Finlandiyada aparılan araşdırmaya görə, pandemiya zamanı təmizlik məhsullarından istifadədə nəzərəçarpacaq artım olub. Alimlər müəyyən ediblər ki, bu müddət ərzində insanlar 70 faiz daha tez-tez təmizliklə məşğul olublar və istifadə etdikləri vasitələrin miqdarı 75 faiz artıb.
Məişət təmizləyici vasitələr, xüsusən də antibakterial spreylər, tualetləri, mətbəx səthlərini və evimizin digər sahələrini zərərli bakteriyalardan təmizləməyi vəd edir. Ancaq elmi araşdırmalar göstərir ki, bu məhsullar daha çox zərərli kimyəvi tullantılara və hissəciklərə məruz qalmağımıza səbəb ola bilər.
Fransa Milli Sağlamlıq və Tibbi Tədqiqatlar İnstitutunun (INSERM) tədqiqatçısı Emilie Pacheco Da Silvanın fikrincə, məişət təmizləyici məhsullardan istifadə astma üçün "dəyişdirilə bilən risk faktorları" arasındadır. Bu o deməkdir ki, davranışlarımızı dəyişdirməklə xəstəliyin inkişaf riskini azalda bilərik.
2024-cü ildə aparılan bir araşdırmada məişət təmizləyici vasitələrin nəfəs almağa zərərli təsir göstərdiyi qənaətinə gəlinib. Xüsusilə sprey şəklində olan təmizləyici vasitələrin maye və nəm salfetlərdən daha çox zərər verdiyi irəli sürülüb.
Tədqiqatlar göstərir ki, hava təravətləndiricilərindən müntəzəm istifadə astmanın inkişaf riskini artırır, mövcud astmanı tətikləyir və astma simptomlarını idarə etməyi çətinləşdirə bilər.
York Universitetindən Nikola Karslauya görə bəzi kimyəvi maddələr digərlərindən daha böyük risk yaradır. Bunlara xlor, ammonyak, xlor turşusu, xloramin və natrium hidroksid daxildir. Bu kimyəvi maddələr tənəffüs zamanı hüceyrə səviyyəsində toxumalara zərər verə bilən aşındırıcı və reaktiv qıcıqlandırıcılardır.
Son illərdə tərkibində sintetik kimyəvi maddələr olmayan və ekoloji cəhətdən daha təmiz olduğu iddia edilən “təbii” təmizlik məhsulları populyarlaşıb.
2024-cü il araşdırması, yalnız bioloji parçalana bilən inqrediyentləri ehtiva edən "yaşıl" məhsulların ənənəvi təmizləyici məhsullardan daha az zərərli olduğunu göstərib.
Lakin tədqiqatçılar deyirlər ki, bu məhsulların tənəffüs sağlamlığına təsirləri daha çox öyrənilməlidir, çünki indiyədək belə bir araşdırma olmayıb.
Nikola Karslau qeyd edir ki, "yaşıl" təmizləyici spreylər bizim üçün mütləq daha yaxşı deyil. Onun fikrincə, bədənimiz təbii və süni tərkib hissələrini ayırd edə bilmir. Məsələn, limon ətirli təmizləyici məhsul təbii limon yağı istifadə edilsə də, onun tərkibində fabrikdə hazırlanmış limon ətri ilə eyni birləşmə olan limonen var.
Limonen havaya salındıqda, formaldehid kimi xərçəngə səbəb olduğu bilinən maddələr istehsal etmək üçün kimyəvi reaksiyalara məruz qala bilər.
Bəzi insanlar daha sağlam olduğunu düşünərək su, limon turşusu, duz, soda kimi qarışıqlarla evdə hazırlanan təmizləyici vasitələrdən istifadə edir. Lakin elm adamları bu məhsulların tərkibində olan aktiv maddələrin təhlükəsiz şəkildə istifadə edilməsi barədə kifayət qədər məlumatın olmadığını deyirlər.
Elm adamları antibakterial təmizləyici məhsulların həddindən artıq istifadəsinin antibiotiklərə qarşı müqavimətə səbəb ola biləcəyindən narahatdırlar.
Antibiotik müqaviməti bakteriyalar tərəfindən antibiotiklərə qarşı müdafiənin inkişafı, müəyyən infeksiyalara qarşı dərmanların effektivliyinin azalmasıdır.
Karyerasını antibakterial müqavimətin araşdırılmasına həsr etmiş ABŞ-nin Kolumbiya Universitetinin professoru Elayn Larson 2007-ci ildə insanların antimikrob sabunlara və məişət təmizlik məhsullarına məruz qalması ilə bağlı artan narahatlıqları aradan qaldırmaq üçün bir araşdırma aparıb.
Bunun üçün Manhettendə yaşayan 238 ailəyə təsadüfi olaraq mətbəx spreyi və sərt səth təmizləyicisi (antibakterial tərkibli və ya olmayan) kimi məhsullar verilib. Bütün məhsullar bazarda mövcud olub, lakin onların etiketləri silinib.
Larson tənəffüs xəstəlikləri kimi simptomları qeyd edərək, bir il ərzində demək olar ki, hər həftə bu ailələri izləyib. Araşdırma nəticəsində məlum olub ki, ailələr arasında antibakterial və antibakterial olmayan məhsullardan istifadə edənlər arasında heç bir fərq yoxdur.
Larsona görə təmizliyin ən vacib hissəsi məhsulların tərkibindəki maddələr deyil, səthləri təmizləyərkən tətbiq etdiyimiz fiziki sürtünmədir.
Professorun fikrincə, antibakterial məhsullar zərərli bakteriyaları öldürməklə və ya onların böyüməsini maneə törətməklə mədə-bağırsaq və ya salmonella kimi bakterial infeksiyalara da kömək edə bilər.
Elm adamları təmizləyici məhsulların sağlamlığımıza təsir mexanizmlərini tam başa düşməsələr də, ümumi tövsiyə bu məhsullara məruz qalmamızı minimuma endirmək və yalnız lazım olduğu qədər istifadə etməkdir.
Amerika Ağciyər Assosiasiyası təmizlik zamanı ərazini yaxşı havalandırmağı və qıcıqlandırıcı maddələrdən qaçmağı tövsiyə edir. Mükün olduqca maye təmizləyicilərdən istifadə məsləhət görülür, çünki spreylər havaya daha çox kimyəvi maddə buraxır.
Nəticə olaraq, evin təmizlənməsi onu natəmiz saxlamaqdan daha təhlükəsizdir. Lakin araşdırmalar “yaşıl” və ya “təbii” məhsulların daşıdığı risklər də nəzərə alınmalıdır.