Close

19:40
17 Aprel 2025

ÜST-nin pandemiya “vəlvələsi” - Deputat Azərbaycanın bu təşkilatdan çıxma ehtimalından danışdı

"Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzvlükdən çıxmalı, öz səhiyyə təhlükəsizliyini suveren qərarlarla və əsl müttəfiqlərlə birgə təmin etməyin yollarını tapmalıdır".

Respublikaçı Alternativ Partiyasının sədri Natiq Cəfərli bununla bağlı fikir səsləndirib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesusun növbəti pandemiya ilə bağlı fikirlərini xatırladan Natiq Cəfərli yarana biləcək təhlükələrdən danışıb: “Tedros Adhanom Qebreyesus bildirib ki, gec-tez yeni pandemiya baş verəcək və bu, nəzəri risk deyil, epidemioloji əminlikdir. O qeyd edir ki, yeni pandemiya 20 il və ya daha çox müddətdə baş verə bilər və ya sabah da ola bilər. Amma bu, baş verəcək və hər halda hazır olmalıyıq. Rəsmi olaraq 7 milyon insan COVID-19-dan öldü, lakin biz həqiqi rəqəmin 20 milyon olduğunu təxmin edirik”.

Natiq Cəfərlinin sözlərinə görə, ÜST ölkələr arasında pandemiya sazişi üzrə danışıqlar aparır: “Məqsəd də budur ki, pandemiya elan olunan kimi ÜST böyük səlahiyyət alsın, ölkələrin suveren qərar alma mexanizmləri ləğv edilsin. Bu isə təhlükəli məqamdır, ABŞ-nin ÜST-dən çıxaması bu təhlükəni xeyli zəiflətdi, amma aradan qaldırmadı. Azərbaycan da ÜST-dən çıxmalı, öz səhiyyə təhlükəsizliyini suveren qərarlarla və əsl müttəfiqlərlə birgə təmin etməyin yollarını tapmalıdır. ÜST kimi qurumlar korrupsiya və insanlıq üçün təhlükə mənbəyinə çevriliblər”.

TNS-in bu məsələ ilə bağlı suallarını cavablandıran Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bir sıra məqamlara aydınlıq gətirib.

- Azərbaycan ÜST-dən ayrılaraq, səhiyyə təhlükəsizliyi ilə bağlı daha etibarlı müdafiə sistemi yarada bilərmi? Ümumiyyətlə, Azərbaycanın ÜST-dən ayrılması nə qədər real görünür?

- Sizin verdiyiniz suallar son dərəcə aktual və strateji əhəmiyyət daşıyan bir mövzunu əhatə edir. ÜST-nin pandemiyalara hazırlıqla bağlı səlahiyyətlərini artırmaq istəyi qlobal səhiyyə təhlükəsizliyi ilə milli suverenlik arasında tarazlığı necə qorumağın vacibliyini bir daha gündəmə gətirir. 

Hazırda Azərbaycanın ÜST-dən çıxması rəsmi gündəmdə deyil və bu, həm də siyasi və diplomatik mühitdən asılıdır. Reallıqda bu cür addım atılarsa, həm daxili səhiyyə infrastrukturunda güclü alternativ sistem qurulmalı, həm də beynəlxalq tərəfdaşlarla koordinasiyalı əməkdaşlıq mexanizmləri yaradılmalıdır.

- ÜST-dən ayrılmaq hüquqi və texniki baxımdan mümkündürmü?

Fikrimcə, bugünkü reallıqda bunun olmasına ehtiyac görünmür. Amma ehtiyac yaranarsa da, ÜST-dən ayrılmaqla daha etibarlı bir sistem qurmaq texniki baxımdan mümkündür, lakin bu, ciddi hazırlıq, strateji planlaşdırma və alternativ beynəlxalq əməkdaşlıq şəbəkələri tələb edir. Həmçinin bu məsələyə yalnız "çıxmaq, ya qalmamaq" kimi deyil, daha çox "ÜST ilə əməkdaşlıq edərkən suveren qərarları necə qorumaq olar?" baxış bucağından da yanaşmaq daha konstruktiv olar.

Hər bir ölkənin bu təşkilatdan çıxmaq hüququ var. ABŞ-də ÜST-dən çıxmaq proseduruna başlayıb. Lakin bu, sadəcə bir qərarla deyil, müəyyən beynəlxalq öhdəliklərin və prosedurların yerinə yetirilməsi ilə mümkündür.

- Azərbaycan ÜST-dən ayrılsa, səhiyyə təhlükəsizliyini qorumaqda çətinlik çəkərmi?

- Bu, tamamilə Azərbaycan hökumətinin səhiyyə sisteminə ayırdığı resurslar, mütəxəssis potensialı və beynəlxalq əməkdaşlıq alternativlərindən asılı olacaq. ÜST-nin texniki dəstəyi və informasiya resursları bəzi hallarda vacib ola bilər. Lakin ölkə olaraq regional ittifaqlarla və etibarlı müttəfiqlərlə əməkdaşlıq imkanlarını genişləndirməklə alternativ yollar qurmaq mümkündür.

- Pandemiya sazişi və suverenlik: narahatlıq əsaslıdırmı?

- Bəzi ekspertlər və dövlətlər hesab edirlər ki, ÜST-nin pandemiya sazişi vasitəsilə fövqəladə hallarda milli qərarvermə səlahiyyətlərini məhdudlaşdırması təhlükəli presedent yarada bilər. Bu baxımdan, ölkəmizin bu məsələni diqqətlə izləməsi və istənilən sənədə qoşulmazdan əvvəl milli maraqları qorumağı prioritet sayması tam əsaslıdır.


Aygün İbrahimli