Dəyişkən hava, planlaşdırılması çətin geyimlər... - "Yaz xəstəlikləri"ndən necə qorunaq?

Fəsil dəyişməsi, yazın gəlişi özü ilə bəzi infeksion xəstəliklər də gətirir. Bu sahədə həssas qruplar daha çox risk altında olur.
Bəs, bu "yaz xəstəlikləri"ndən necə qorunmaq olar?
Mövzu ilə bağlı TNS-in sualını infeksionist Etibar Süleymanov cavablandırıb.
E. Süleymanov bildirib ki, yaz ayları mövsümi və kəskin respirator virus infeksiyasına aid olan xəstəliklərin aktiv dövrüdür:
"Bunun bir neçə səbəbi var. İlk əsas səbəb odur ki, havanın gözlənilmədən dəyişməsi, gah isti, gah soyuq olması, öncədən planlaşdırılması çətin olduğundan geyimin nazik-qalın formada tez-tez dəyişməsi bu tip xəstəliklərin sayını artıra bilir.
Ümumiyyətlə, çiçəklərin açması, bitkilərin tozlanması nəticəsində allergik xəstəliklərin bu ərəfədə çoxalması müşahidə olunur. Həmçinin, yaz dönəmində insanlarda immun sisteminin aşağı olması, vitamin çatışmazlığı halları da xəstəliklərin çoxalmasına səbəb olur. Bunların qarşısını almaq üçün əsasən, bol meyvə, göyərti və vitaminlərlə zəngin tərəvəzlərlə qidalanmaq lazımdır. Eyni zamanda insanların toplaşdığı yerlərdən uzaq durmaq vacibdir. Bu, yoluxucu xəstəliklərin, respirator infeksiyaların qarşısını almağa kömək edə bilər. Fiziki aktivlik, sağlam həyat tərzi immun sistemini qüvvətləndirər və bu xəstəliklərin qarşısını almağa kömək edə bilər. Bu dönəmlərdə kollektiv mühitdə olanlar mütləq şəkildə maskadan istifadə etməlidir. Əgər xəstə insanlar varsa, onların vaxtında izolyasiya olunmasına çalışmalıyıq”.
Azadə Yolçu