Belə havalar ən çox onlara təsir edir – Baş ağrısı, qan təzyiqi, halsızlıq…

“Havanın dəyişkənliyi xüsusilə immun sistemi zəif olan insanlarda – uşaqlarda, yaşlılarda və xroniki xəstəliyi olanlarda tez-tez halsızlıq, baş ağrısı, qan təzyiqində dəyişiklik, hətta əhval-ruhiyyə pozuntuları ilə nəticələnə bilər. Ən çox rast gəlinən hallar isə soyuqdəymə, qrip, bronxit kimi xəstəliklərdir”.
Bunu TNS-ə terapevt Günay Musayeva deyib.
O, belə havalarda səhhətimizdə yarana biləcək problemlərin qarşısının almağın yollarını açıqlayıb: “Ən əsas tədbirlərdən biri düzgün geyinməkdir. Eyni zamanda bol su içmək, düzgün qidalanmaq, C vitamini ilə zəngin meyvə-tərəvəzlərə üstünlük vermək vacibdir. Yuxu rejimini qorumaq və açıq havada gəzmək də immuniteti gücləndirir.
Məsələn, hipertoniya və ya astma kimi xroniki xəstəliklərdə hava dəyişikliyi ciddi fəsadlara səbəb ola bilər. Bu səbəbdən həmin xəstələr mütəmadi olaraq, dərmanlarını qəbul etməli, özlərini fiziki və emosional yüklənmədən qorumalıdırlar. Uşaqların immun sistemi tam formalaşmadığı üçün soyuqlara qarşı daha həssas olurlar. Onları isti, amma tərlətməyəcək şəkildə geyindirmək, bol maye vermək və mümkün qədər kollektivdə yoluxucu xəstəliklərdən qorumaq vacibdir. Yaşlılar isə xüsusilə təzyiq və ürək xəstəlikləri baxımından daha çox risk altındadırlar, bu səbəblə havaya çıxmadan öncə hava proqnozuna baxmaları və özlərini yormamaları tövsiyə olunur.
Bu dövrdə orqanizmə qulluq daha çox diqqət tələb edir. Özünüzə yaxşı baxın, gündəlik hərəkətdə olun, sağlam qidalanın və bədəninizi dinləməyi unutmayın. Kiçik əlamətləri belə nəzərə alıb vaxtında həkimə müraciət etmək vacibdir”.