Bayram günlərində yediyimiz şirniyyatlar nələrə səbəb ola bilər?

Nəzarətsiz şəkər qəbulu toxumalara zərər verir. Sağlam qidalanma üçün şəkərli qidalardan uzaq durmaq vacibdir.
TNS xəbər verir ki, bu barədə Türkiyənin Anadolu Agentliyinə Qaradəniz Texniki Universiteti Tibb Fakültəsi Uşaq endokrinologiyası kafedrasının müdiri, professor Gülay Karagüzel danışıb.
O bildirib ki, endokrinoloqlar olaraq Ramazan bayramında insanların həddindən artıq şəkərli qidalardan istifadəsindən narahat olurlar:
“Bayram ziyarətlərində insanlara ilk təklif edilən qida şirniyyat, konfet və ya şokolad olur. Şirin qidaların qəbulunu məhdudlaşdırmasaq, bu, qan şəkərinin yüksəlməsinə səbəb ola bilər. Xüsusilə də uşaqda şəkər xəstəliyi varsa, istehlakı məhdudlaşdırmaq lazımdır. Əslində sağlam qidalanmada şəkər və şirin qidaların yeri yoxdur. Ona görə də çox az istifadə olunmalıdır. Təbii ki, biz də realist olmalıyıq. Şəkəri məhdudlaşdırmaq istəsək də, tamamilə aradan qaldırmaq, ya da pəhrizdən tamamilə çıxarmaq mümkün deyil. Amma qanda şəkərin yüksəlməməsi üçün azaltmalıyıq”.
Şəkər və şirniyyat istehlakının məhdudlaşdırılmasının əhəmiyyətinə diqqət çəkən Karagüzel bildirib ki, xüsusilə diabeti olmayan, lakin şəkər xəstəliyinə tutulma riski yüksək olan uşaqlarda şəkər və ya şirniyyat istehlakı məhdudlaşdırılmazsa, diabet daha erkən ortaya çıxa bilər, ya da diabetli uşaqlarda bu qidaların istehlakı məhdudlaşdırılmazsa, diabetin ən təhlükəli və arzuolunmaz əlamətlərindən biri olan diabetik ketoasidoz ortaya çıxa bilər. Diabetik ketoasidozun ağır bir vəziyyət olduğunu və reanimasiya şəraitində müalicə tələb etdiyini vurğulayan Karagüzel bildirib ki, bayram günlərində şirniyyat istehlakına nəzarət etməsək, qan şəkərini daha tez-tez ölçərək vəziyyətə nəzarət etməliyik, lazım gələrsə əlavə insulin dozası vurmalıyıq.
O bildirib ki, şokoladın şəkərlə yanaşı yağ tərkibi də yüksəkdir.
Ona görə də qanda şəkər artımı adətən şokolad qəbulundan 3-4 saat sonra baş verir. Bunu da nəzərə almaq lazımdır.
Həkim vurğulayıb ki, çoxlu su içmək, parklarda və açıqa havada aktiv hərkətlər etmək qəbul edilən artıq şəkərin zərərini azaldır: “Şəkərli qidaları nəzarətsiz istehlak etmək və qan şəkərinin yüksək olması toxumalara zəhərli təsir göstərir və hüceyrə səviyyəsində zərərli təsirlər ortaya çıxır”.
Aygün