Saqqızın gözlənilməz təhlükəsi- 1 ədəd çeynədikdə belə...

Los-Ancelesdəki Kaliforniya Universitetinin alimləri müəyyən ediblər ki, saqqız insan orqanizminə daxil olan mikroplastiklərin əhəmiyyətli mənbəyi ola bilər.
TNS xəbər verir ki, bu barədə Amerika Kimya Cəmiyyəti (ACS) məlumat yayıb.
Alimlərin fikrincə, bir ədəd saqqız çeynədiyimiz zaman tüpürcəyinizə yüzlərlə, bəzən də minlərlə mikroskopik plastik hissəciklər buraxılır.
Tədqiqatçılar on məşhur saqqız markasını sınaqdan keçiriblər - beşi sintetik əsaslı, beşi isə təbii əsaslı. Təcrübədə tək bir üsuldan istifadə edilib: bir nəfər hər nümunəni 4 dəqiqə çeynəyib və sonra hər 30 saniyədən bir tüpürcək nümunələri toplanıb.
Məlum olub ki, hər bir saqqız orta hesabla 1 qramda 100-ə yaxın, bəzi hallarda isə hər qramda 600-ə qədər plastik hissəciklər buraxır. Tipik bir saqqız parçasının çəkisi 2 ilə 6 qram arasında olduğundan, bir böyük saqqız üç minə qədər mikroplastik hissəcik buraxa bilər.
Tədqiqatın müəllifləri sintetik saqqızların daha çox plastik buraxacağını gözləyiblər, lakin təhlillər göstərib ki, həm sintetik, həm də təbii nümunələrdə təxminən eyni miqdarda mikroplastik var. Üstəlik, sınaqdan keçirilmiş bütün saqqızlarda eyni polimerlər olub.
Zərrəciklərin ən böyük hissəsi çeynəmənin ilk iki dəqiqəsində ayrılıb, bütün buraxılan hissəciklərin 94% -i 8 dəqiqədən sonra qeydə alınıb. Bu, tüpürcəyin təsiri ilə deyil, çeynəmə əsasının mexaniki aşınması ilə əlaqədardır.
Alimlər eyni saqqızı tez-tez dəyişməkdənsə daha uzun müddət çeynəməyi məsləhət görürlər. Bunun insanın saqqız vasitəsilə qəbul etdiyi mikroplastiklərin miqdarını azaltmağa kömək edəcəyi düşünülür.
Tədqiqatçılar onu da xatırladırlar ki, atılan saqqızın özü ətraf mühitin plastik çirklənməsi mənbəyidir, çünki onun tərkibinin çox hissəsi plastikdir.