Vərəm xəstəliyi o zaman yaranır ki...

24 mart - Dünya Vərəmlə Mübarizə Günüdür. Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Vərəmlə Mübarizə Birliyinin təşəbbüsü ilə 1982-ci ildən etibarən hər martın 24-ü bütün ölkələrdə Dünya Vərəmlə Mübarizə Günü kimi qeyd olunur. Günün yaranma tarixi 1882-ci il martın 24-də alman mikrobioloqu Robert Koxun xəstəliyin törədicisi olan vərəm çöplərini kəşf etməsi ilə bağlıdır. Günün təsisində məqsəd dünya ictimaiyyətinin diqqətini vərəm probleminə cəlb etməkdir.
TNS xəbər verir ki, vərəm sağalan xəstəlikdir və bu sahədə ardıcıl iş aparılır, lakin Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin fikrincə, onun aşkar edilməsi, müalicəsi və sağalması üçün göstərilən səylər yetərli deyil.
İl ərzində vərəmə yoluxan 10 milyon xəstədən 3 milyonu müalicə almır. Ona görə də Ümumdünya Vərəmlə Mübarizə Gününün keçirilməsinin başlıca məqsədi hər şeydən əvvəl onunla bağlı əhalinin məlumatlılığını artırmaq və qlobal epidemiyanın ləğvi və profilaktika üsulları ilə əlaqədar səyləri birləşdirməkdən ibarətdir.
Vərəm – vərəm mikobakteriyaları ilə törədilən, vaxtında və düzgün müalicə aparılmadıqda sağlamlığın itirilməsinə gətirib çıxaran infeksion xəstəlikdir. Vərəm insanın müxtəlif orqan və toxumalarını zədələyə bilər. Ağciyər vərəminə daha çox rast gəlinir. Vərəmlə yoluxma öskürdükdə, asqırdıqda və söhbət etdikdə vərəm mikobakteriyaları ifraz edən xəstə ilə uzun müddət bir yerdə olduqda, havada mikobakteriyaların yüksək konsentrasiyası olduqda, immunitet zəiflədikdə baş verə bilər.
Vərəm 15-44 yaşlı qadınlar arasında üç əsas ölüm səbəbindən biridir. Vərəmdən ölüm hallarının 95%-dən çoxu aşağı və orta gəlir səviyyəsi olan ölkələrdə baş verir və bu xəstəlikdən daha çox əhalinin yoxsul və zəif təbəqəsi əziyyət çəkir. Amma bununla bərabər, vərəmlə hər bir insan hava-damcı yolu ilə yoluxa bilər.
Azərbaycanda da vərəmlə mübarizə məqsədilə müxtəlif tədbirlər görülür. İllər üzrə baxdıqda, vərəmlə yoluxma hallarında azalma qeydə alınır.
TNS Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, 2024-cü ildə Azərbaycanda ilk dəfə vərəm diaqnozu qoyulanların sayında əvvəlki illələrlə müqayisədə 6,7 faiz azalma olub. Belə ki, ilkin vərəmə yoluxma halı 2367 olub. 2023-cü ildə bu göstərici 2816 nəfər olub.
Bu rəqəmdən 2166-sı ağciyər vərəmi, qalanları isə sümük və oynaqların, sidik-cinsiyyət yollarının, vərəmli plevrikt, döş qəfəsidaxili limfa düyünlərinin vərəmi ilə bağlı olub.
2023-cü ilin məlumatına görə, müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan vərəm xəstələrinin sayı 6670 nəfərdir. Əhalinin hər 100000 nəfərinə düşən xəstə sayı 65.5 nəfər təşkil edir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər gün vərəm xəstəliyindən dünyada 4 min 400 nəfər həyatını itirir, 30 min nəfərdə isə xəstəliyə yoluxma baş verir.
Mütəxəssislər bildirir ki, vərəm mikrobuna məruz qalan insanlar heç bir əlamət göstərmədən aylarca sağlam şəkildə yaşaya bilirlər. Bu dövrdə insanın immun sistemi “Mycobacterium tuberculosis” bakteriyaları ilə mübarizə apararaq xəstəliyin inkişafının qarşısını almağa çalışır.
Lakin immun sisteminin kifayət qədər müqavimət göstərə bilmədiyi hallarda vərəm mikrobları aktivləşir və vərəm xəstəliyi yaranır. Vərəmin simptomları xəstəlik tənəffüs sisteminə təsir etdikdə baş verir.
Ən çox görülən simptom uzun müddət davam edən öskürək və bəlğəmdir. Öskürək, xüsusilə səhərlər daha şiddətli ola bilər. Digər simptomlar arasında sinə ağrısı, yorğunluq, qızdırma, gecə tərləmələri, iştahsızlıq və kilo itkisi var.
Bundan əlavə, bəzi xəstələrdə nəfəs darlığı, qanlı tüpürcək, sinə ağrısı və öskürək ilə birlikdə xırıltı ola bilər. Əgər simptomlar görünəndən sonra vərəm müalicə olunmazsa, o, irəliləyərək digər orqanlara təsir göstərə bilər.
Xəstəliyin başlanğıcından müşahidə edilən vərəm əlamətlərini aşağıdakı kimi sıralamaq olar:
15 gündən çox davam edən öskürək şikayətləri,
Yüksək hərarət, gecə tərləmələri,
Şiddətli sinə ağrısı,
İştahsızlıq, sürətli kilo itkisi,
Zəiflik, yorğunluq,
Sonrakı mərhələlərdə qanlı bəlğəm görünə bilər.
Vərəmin səbəbləri nələrdir?
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, vərəm dünyada bütün xəstəliklərin 2,5 faizini və qarşısı alına bilən ölümlərin 26 faizini təşkil edir. Ən çox Cənubi və Şərqi Asiya və Afrikada rast gəlinsə də, vərəm bütün qitələrdə və dünyanın bütün ölkələrində müşahidə edilir və hər il 10 milyon insanın vərəm xəstəliyinə tutulmasına səbəb olur. Tədqiqatlar göstərir ki, vərəmin artması intensiv miqrasiya və QİÇS-ə yoluxma halları ilə bağlıdır. Sənayeləşmə ilə əlaqədar artan miqrasiya sürəti xəstəliyin ötürülməsini asanlaşdırdığı kimi, QİÇS-ə bağlı zəifləmiş immunitet sistemi də insanın vərəm mikrobuna qarşı müdafiəsini azaldır.
Aygün