Ramazanda şəkərbura, paxlavanı bu saatda yemək olmaz

Bu il Ramazan ayı Novruz bayramı ilə eyni vaxta təsadüf edib. Məlumdur ki, bu bayramda çoxlu şirniyyat, fərqli çeşiddə yeməklər hazırlanır. Mütəxəssislər bu günlərdə qidalanmaya xüsusi diqqət ayırmağın vacibliyini vurğulayır.
Ramazanı və bayramı daha sağlam şəkildə keçirmək üçün qidalanmada nələrə diqqət olunmaldır?
Mövzu ilə bağlı TNS-ə dietoloq Tutu Zeynalova danışıb.
Mütəxəssis oruc tutanların, xüsusilə imsaqda şirniyyat qəbul etməsinin tövsiyə olunmadığını bildirib: “Oruc tutan insanlar yaxşı olar ki, imsaqda şirniyyat yeməsinlər. Şəkərbura, paxlava kimi şirniyyatları iftardan sonra istifadə etmək olar. Əgər səhər imsaqda şirniyyat yesələr, sonra gün ərzində qan şəkərinin dalğalanması nəticəsində özlərini halsız, yorğun hiss edəcəklər. Baş ağrısı şikayətləri olacaq. Buna görə də imsaqda şirniyyatla oruc tutmaq doğru deyil. İmsaqda su içmək, protein qaynağı kimi yumurtadan istifadə etmək yaxşı olar. Şirniyyatları isə orucu açdqıdan sonra yeməyin sonunda və ya yeməkdən bir müddət sonra yemək olar. Şirniyyat yeyiləcək gün karbohidratı-çörək, un məhsullarını azaltmaq lazımdır. Adətən, şorbadan sonra ət, bol tərəvəzli salat yeyilir. Çörək, qarabaşaq, düyü kimi qarnir variantlarından istifadə etməməliyik.
Bu halda, bayramda hazırlanan şirniyyatlarından dadmaq olar. Əks halda, artıq çəki yaranacaq”.
Dietoloq qeyd edib ki, şirniyyat yeyiləcək günlərdə meyvə, quru meyvə və çərəzlərdən də istifadə etmək doğru deyil: “Şəkər, un və çərəzləri şirniyyatın içində yemiş oluruq. Bundan başqa, iftar süfrəsində kompot, meyvə şirəsi içilirsə, bunu da bir kənara qoymaq lazımdır”.
Tutu Zeynalova onu da vurğulayıb ki, iftarda şirniyyat çox qəbul edilibsə, yaxud iftarda çox yemək yeyilibsə, 20-30 dəqiqə piyada orta templə yerimək yaxşı olar.
Belə ki, mütəxəssis gəzintinin həm həzm sistemimizə kömək edəcəyini, həm də artıq çəki almağın qarşısını alacağını qeyd edib.
Tutu Zeynalova şirniyyatın təsirini azaldan vasitədən də bəhs edib: “Şirniyyat yeyilməzdən bir saat öncə ev üsulunda hazırlanmış bir qaşıq alma sirkəsi bir stəkan suya qarışdırılıb içilərsə, o zaman yeyilən şirniyyat qan şəkərimizi daha az yüksəldər, dalğalanmanın qarşısı alınar”.
Aygün