Close

19:21
12 Mart 2025
18:13
12 Mart 2025

Gündə 10 min addım atmaq vacibdir?

Bir çox mənbələrdə sağlam, düzgün bədən quruluşuna malik olmaq üçün gündə 10 min addım atmağın vacib olduğu deyilir. Lakin yeni araşdırmalar göstərir ki, deyilənlərin əksinə olaraq, addımların sayı yox, hər zaman aktiv olmaq önəmlidir.

Ümumiyyətlə, sağlamlığı yaxşılaşdırmaq üçün optimal rəqəm neçədir? 

Mövzu ilə bağlı TNS-in sualını terapevt Günay Musayeva cavablandırıb.

O bildirib ki, son illərdə gündə 10 min addım qaydası sağlam həyat tərzi ilə bağlı geniş yayılmış tövsiyyələrdən biri olub. Lakin bu qaydanın tarixi 1960-cı illərə qədər uzanır: "Yaponiyada keçirilən kampaniyada 10 min addım mənasını verən manpiko reklam edilirdi. Sonradan bu konsepsiya məşhurlaşdı və bir çox insan üçün standart hala gəldi. Lakin müasir araşdrımalar göstərir ki, sağlamlıq üçün optimal addım sayı gündə insandan asılı olaraq dəyişir. Harvard Tibb Universitetinin araşdırmasına görə, gündə təxminən 4-7 min addım atan insanlarda ölüm riski xeyli azalır. Başqa bir tədqiqatda isə 7500 addım ürək-damar xəstəlikləri və digər xroniki xəstəliklərin qarşısını almaqda yetərlidir. Bu, o demək deyil ki, 10 min addım atmaq zərərlidir, sadəcə daha az addım atan insanlar da ümidsizliyə qapılmamalıdır. Əsas məsələ gündə hərəkətsiz qalmamaq, mütəmadi hərəkətdə olmaq və fiziki aktivliyi həyatın bir parçasına çevirməkdir".

WhatsApp_Image_2025-03-12_at_13-22-14

G. Musayevanın sözlərinə görə, bununla yanaşı hərəkətin keyfiyyəti də önəmlidir: "Məsələ təkcə addım atmaq deyil, temp, intensivlik və müxtəlif fiziki fəaliyyətlər (sürətli gəzinti, pilləkən qalxmaq, güc məşqləri) ümumi sağlamlıq üçün ciddi əhəmiyyət daşıyır. Optimal rəqəm neçədir söruşsanız, son elmi araşdırmalara görə, 4-5 min addım oturaq həyat tərzi keçirənlər üçün sağlamlığa faydalıdır. 7-8 min addım xroniki xəstəliklərdən qorunmaq və uzunömürlülük üçün optimal göstərici hesab edilir. 10 min + addım isə fiziki cəhətdən daha aktiv və formada qalmaq üçün əla nəticədir. 

Gündəlik aktivliyi artırmaq və hərəkətli həyat tərzi sürmək daha vacibdir. Əgər 10 min addım ata bilirsinizsə, bu, çox yaxşıdır. Əgər bu rəqəmə çatmasanız da narahat olmayın, əsas məsələ hərəkətə davam etməkdir".

Azadə Yolçu