"Uşaqlarınız buna görə dırnaq yeyir" - MÜSAHİBƏ

Uşaqların dırnaqlarını yemək vərdişi bir çox valideynin qarşılaşdığı ümumi problemdir. Bu vərdiş uşağın həm fiziki, həm də emosional sağlamlığına təsir edə bilər.
Mövzu ilə bağlı TNS-in suallarını psixoloq Ülkər Hacıyeva cavablandırıb:
- Ülkər xanım, valideynlər bu problemlərlə bağlı çox müraciət edirlər?
- Bəli, son vaxtlar uşaqlarında belə davranış pozuntuları ilə bağlı müraciət edən valideynlərin sayı üstünlük təşkil edir.
- Bu davranış pozuntuları əsasən, hansı yaş dövründə olur?
- Əsasən, 3-6 yaş dövrlərində özünü göstərir. Lakin daha erkən də müşahidə edə bilərik.
- Buna xəstəlik kimi yanaşmaq olar?
- Ümumiyyətlə, davranış pozuntuları daha çox psixoloji səbəblərlə əlaqədar daxili qarşıdurmaların davranışa köçürülməsi kimi xarakterizə olunur. Bu, özünü uşağın hər hansı stress, travma, düzgün aşılanmayan tərbiyə üsulu nəticəsində davranışlarını idarə edə bilməmək kimi göstərir. Bura təkcə dırnaq yemək deyil, həmçinin, yalan danışmaq, aqressivlik, şiddətə meyillilik, oğurluq, barmaq əmmək, söyüş söymək, cavab qaytarmaq, sözə qulaq asmamaq, altını islatmaq kimi hallar da aid edilə bilər. Bütün bu hallar davranış pozuntuları hesab olunur.
- Maraqlıdır, dırnaq yemənin ilkin səbəbləri nədir?
- Uşaqlar həmişə diqqət mərkəzində olmağı sevirlər. Valideynlərindən lazımi qədər sevgi, qayğı, diqqət görməyəndə pis hərəkətlərə əl atırlar. Nəticədə belə uşaqlarda diqqət çəkmək, özünütəsdiqə çalışmaq, özünü xatırlatmaq, valideynlərindən intiqam almaq istəyi yaranır. Bunlar hər uşaqda müxtəlif cür özünü göstərir. Xronoloji hal yavaş-yavaş digər vərdişlər də yaradır - məsələn, dırnaq yemə kimi.
- Hansı amillər bu prosesi sürətləndirir?
- Valideyn diqqətsizlik göstərməkdə davam edir, uşağının etdiyi xoşagəlməz hərəkətlərə sərt cəzalar tətbiq edir və uşağın səhvlərini başqa uşaqların yanında onun üzünə vurub danlayır. Bu hal uşağın özgüvəninin aşağı düşməsinə səbəb olur və davranış pozuntularının artmasını sürətləndirir.
- Bunun fəsillə və qidalanmayla da hər hansı bağlılığı var?
- Xeyr, heç bir əlaqəsi yoxdur.
- Fəsadlarından danışaq bir az da...
- Vaxtında korreksiya olunmayanda belə uşaqlar zərərli vərdişlərə yiyələnirlər, antisosial şəxsiyyətə çevrilirlər, yəni cəmiyyətə qarşı aqressiv, şiddətə və konfiliktə meyilli olurlar.
- Bu problemin qarşısını almaq üçün nə etmək lazımdır?
- Problemi aradan qaldırmaq üçün mütləq yaranma səbəbi aşkar edilməlidir. Öncə valideynlər övladlarıyla münasibətlərinə fikir verməli, uşaqlarına lazımi sevgi, qayğını göstərməlidirlər. Əgər valideyn uşaqlarının yuxarıda qeyd etdiyim davranışlarını aradan qaldırmaqda çətinlik çəkirsə, mütləq psixoloqa müraciət etsinlər.
- Analara sözünüz nədir?
- Övladı olan xanımlara sözüm odur ki, uşaqlarına daim diqqətli göstərsinlər, onlardan sevgini, qayğını əsirgəməsinlər. Uşaqlarının zərərli vərdişlərə yiyələnməməsi üçün lazımi tədbirlər görsünlər. Eyni zamanda, təhsillərini daim diqqətdə saxlasınlar.
Azadə Yolçu