Close

Baş toksikoloq: “Saç boyaları ilə bağlı müraciətlər tez-tez olur”

Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, bəzi saç boyalarında xərçəng riski yaradan maddələr aşkarlanıb. Xüsusilə, “Syoss” və “Palette” kimi tanınmış markaların bəzi saç boyalarının adı hallanır.

Ümumiyyətlə, saç boylarının mənfi təsirləri ilə bağlı məlumatlar narahatlıq yaradan məsələlərdən biridir.

Boyaların insanın gözlərinə ziyan vura biləcəyi, hətta təlimatlara doğru əməl edilmədiyi təqdirdə ciddi şəkildə zəhərləyə biləcəyi də irəli sürülür.

Ümumiyyətlə saç boyaları hansı təhlükələri ehtiva edir?

Mövzu ilə bağlı Kliniki Tibbi Mərkəzin baş toksikoloqu Azər Maqsudov TNS-ə bildirib ki, kosmetik vasitə həssas insanlarda allergik dermatitə səbəb ola, qaşınma, səpki kimi hallar yarada bilər: “Saç boyaları konkret olaraq xəstəlik yaratmır. Amma uzun müddət istifadə etdikdə çox zaman allergik dermatit reaksiyalara səbəb olur. Bu da əsasən dəri ilə bağlıdır. Saçın dibində qızartılar, qaşınma, üzdə şiş ola bilər. Bu hal müvəqqəti olur. Saç boyasının qoyulmasından bir neçə gün sonra problem özü keçir”.

Baş toksikoloq bildirib ki, boyaların xərçəngə və ya hər hansı xəstəliyə səbəb olması ilə bağlı Mərkəzə müraciət qeydə alınmayıb: “Boyaların xərçəng və digər xəstəliklər yaratması ilə bağlı müraciətlər olmayıb. Amma ümumilikdə saç boyaları ilə bağlı tez-tez müraciətlər olur. Bunlar da əsasən, müvəqqəti xarakter daşıyan allergik reaksiyalarla bağlıdır. Müdaxilə olunur, məsləhət verilir və qısa vaxt ərzində vəziyyətləri düzəlir. Yəni, saç boyalarına görə ciddi problem yaşamırlar”.

Aygün