Telefonsuz 3 gün beynimizdə belə dəyişiklik yaradır

Smartfonlar insan beynində narkotik və alkoqola olduğu kimi asılılıq yaradır.
TNS xəbər verir ki, bu barədə “Computers in Human Behavior” jurnalında dərc olunan məqalədə bildirilib.
Almaniyanın Heydelberq və Köln Universitetlərinin alimləri 18-30 yaş arası 25 gənc üzərində araşdırma apararaq, onlardan 72 saat ərzində smartfondan istifadəni minimuma endirmək tələb ediblər. Onlara yalnız təcili əlaqə saxlamağa və cihazdan iş məqsədləri üçün istifadə etməyə icazə verilib.
72 saatdan sonra beyin skanları zamanı iştirakçılara müxtəlif təsvirlər göstərilib – açıq və söndürülmüş telefon şəkilləri, qayıq və çiçək kimi neytral obyektlər.
Tədqiqatçılar müəyyənləşdiriblər ki, telefon şəkilləri beynin nikotin və ya alkoqol asılılığı ilə bağlı siqnallara verdiyi reaksiyalara bənzər dəyişiklik yaradıb.
Bu onu sübut edib ki, smartfonlar narkotik kimi asılılıq yarada bilər.
Bununla belə, psixoloji testlər telefona çıxışın məhdud olmasına baxmayaraq, iştirakçıların əhval-ruhiyyəsində heç bir dəyişikliyə səbəb olmayıb. Bəzi könüllülər əhval-ruhiyyənin yaxşılaşdığını bildiriblər, lakin heç bir statistik əhəmiyyətli dəyişiklik tapılmayıb.