Close

Qorxuducu araşdırma: 2050-yə kimi...

2050-ci ilə qədər artıq çəkili və piylənmiş gənclərin sayı 360 milyona çatacaq.

TNS xəbər verir ki, bu barədə “Lancet” jurnalında dərc olunan araşdırma materialında bildirilib.

200-dən çox ölkədən alınan məlumatlara əsaslanan beynəlxalq araşdırmada tədqiqatçılar inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə ən mühüm sağlamlıq probleminə çevrilən piylənmənin gedişatını araşdırıblar.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən artıq çəki- orqanizmdə həddindən artıq yağ yığılması, piylənmə isə - bədənin yağ kütləsinin yağsız kütləyə nisbətinin artması, nəticədə bədən çəkisinin boya nisbətdə arzu olunan həddi aşması kimi tanınır.

2021-ci ilə qədər dünya üzrə yetkin əhalinin demək olar ki, yarısının artıq çəkidən və ya piylənmədən əziyyət çəkdiyinə diqqət çəkən araşdırma, 1990-cı ildən bəri həm kişilər, həm də qadınlar arasında bu sağlamlıq problemini yaşayanların nisbətinin iki dəfə artdığını qeyd edib.

Tədqiqat müəyyən edib ki, mövcud tendensiyalar davam edərsə, 2050-ci ilə qədər artıq çəki və piylənmənin nisbəti kişilərdə 57,4 faizə, qadınlarda isə 60,3 faizə çata bilər. Xüsusilə uşaqlar, yeniyetmələr və gənclər arasında piylənmənin yüzdə 121 artacağını proqnozlaşdıran araşdırma, 2050-ci ilə qədər belə gənclərin sayının 360 milyona çatacağını vurğulayıb.

Araşdırmada həmçinin piylənmənin Çin və Hindistanda daha çox olacağı proqnozlaşdırılıb.