Close

Xəstəxanalarda uzun növbə problemi - 19 müəssisə bu sistemə keçsə də...

Məlumdur ki, icbari tibbi sığortanın tətbiqindən sonra vətəndaşların dövlət tibb müəssisələrinə müraciətləri daha çox olur. Məsələn, 2022-ci ildə ölkə əhalisinin 47 faizi icbari tibbi sığortadan yararlanıbsa, 2023-cü ildə bu rəqəm artıq 52 faizə qədər artıb. Hazırda xəstəxanalarda narahatlıq yaradan əsas problemlərdən biri müraciət edənlərin növbə məsələsi ilə bağlıdır.

Məlumdur ki, hazırda TƏBİB tərəfindən onlayn növbə sisteminin tətbiqi istiqamətində işlər aparılır.

Amma qarlı və soyuq havalarda, xüsusilə qəsəbə xəstəxanalarının qəbul şöbələrinin qarşısında uzun növbələr var idi. Görünən odur ki, ya insanlar onlayn növbə sistemindən istifadə etmir, yaxud da xəstənalarda bu sistemin tətbiqi hələ də mövcud deyil. 

Bəs, bu istiqamətdə aparılan işlər indi hansı mərhələdədir?

Ümumiyyətlə, onlayn növbə sistemindən nə qədər insan yararlana bilir?

Mövzu ilə bağlı TNS-in sorğusuna TƏBİB-dən cavab olaraq bildirilib ki, vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması, eləcə də həkim qəbulu üçün verilən növbələrin onlayn qaydada təmin edilməsi istiqamətində işlər aparılır: “Bu gün bütün dünyada səhiyyə sahəsində də yeniliklər, müasir yanaşmalar, innovasiyaların tətbiqi mühüm əhəmiyyət kəsb edir. Hazırda onlayn növbə sistemi pilot layihə olaraq Yeni Klinikada tətbiq olunur. Vətəndaşlar onlayn növbələri “e-tabib” mobil tətbiq platforması üzərindən elektron qaydada götürərək, həkim qəbuluna yazıla bilərlər.

Layihənin tətbiqi xaos və qarışıqlığın minimuma enməsinə, iş prosesinin sürətlənməsinə, effektivliyin artmasına, xəstəxanalarda insanların toplanmaması nəticəsində məmnuniyyətin artmasına, tibb müəssisəsinin reputasiyasına müsbət təsir edib”.

Məlumatda qeyd olunub ki, növbə sisteminin canlı növbə funksionallığı hazırda 19 tibb müəssisəsində tətbiq olunur, 5 tibb müəssisəsində isə qurulma üçün hazırlıq prosesi davam edir: “2024-cü il ərzində vətəndaşlar 1 milyondan çox canlı növbə, 80 minə yaxın isə onlayn növbə xidmətindən istifadə ediblər”.

Aygün