Close

Azərbaycanda meymunçiçəyi təhlükəsi qalırmı?

Ölkə ərazisində meymunçiçəyi virusuna ikinci yoluxma faktı qeydə alınmayıb.

Bu barədə TNS-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Xatırladaq ki, bu il yanvar ayının 18-də 22 yaşlı Azərbaycan vətəndaşının meymunçiçəyinə yoluxması ilə bağlı Səhiyyə Nazirliyi və TƏBİB birgə məlumat yaymışdı.

Həmin şəxs artıq xeyli müddətdir ki, virusdan sağalıb və evinə buraxılıb.

Qeyd edək ki, meymunçiçəyi çox nadir rast gəlinən zoonoz virus xəstəliyidir, yəni bu xəstəlik insana əsasən heyvandan keçir. İnsan orqanizminə zədələnmiş dəri, tənəffüs yolları, gözlər, burun və ağzın selikli qişasından daxil ola bilər. İnsandan insana bu xəstəlik yalnız uzunmüddətli və sıx təmas zamanı ötürülə bilər.

Xəstəliyin inkubasiya dövrü 5-21 gün arasında dəyişə bilər. Xəstəlik adətən 2-4 həftə davam edir. Başlanğıc dövründə qeyd edilən kataral əlamətlər (hərarət, şiddətli başağrı, limfa düyünlərinin böyüməsi) sonradan səpgi dövrünə keçir. Səpgilər eyni inkişaf mərhələsində olmaqla bütün bədəni əhatə edir. Bir neçə gün davam edən səpgi eyni vaxtda qartmaq əmələ gətirməklə, yerində çapıq toxumasının əmələ gəlməsi ilə sağalır.

Adı keçən virusla bağlı ölkəyə peyvəndin gətirilməsinə gəlincə isə nazirlikdən verilən açıqlamada peyvəndin az sayda endemik ölkələrə paylanıldığı bildirilmişdi.

Aygün