Qarlı və soyuq hava bu xəstəlikləri kəskinləşdirə bilər...

“İnsan canlı olaraq təbiətlə sıx bağlı olduğu üçün baş verən hava dəyişkənliyi orqanizmə təsirsiz ötüşmür. Təsadüfi deyil ki, həkimlər tərəfindən havanın dəyişməsinin, xüsusilə qarlı havanın insanlara mənfi və müsbət təsirləri aşkarlanır”.
Bunu TNS-ə qarlı və şaxtalı havanın insan orqanizminə təsirləri ilə bağlı danışan həkim-terapevt Sübhan Hacıyev deyib.
O bildirib ki, qarlı havanın müsbət təsirləri daha çox immun sistemini gücləndirməsi ilə bağlıdr: “Qarlı və soyuq havada immun sistemi güclənir. Amma bu, tədricən olan prosesdir. Çünki soyuq hava bədəni sərtləşdirir. Biz uzun müddət bu cür hava şəraitində oluruqsa, müxtəlif infeksiyalara qarşı dayanıqlığımız arta bilir. Qarlı hava allergenləri udduğu, hava çirklənməsini azaltdığı üçün oksigen zənginləşməsinə səbəb olur, bol oksigen yaradır. Bu da bir çox tənəffüs yolu xəstəliklərində vacibdir”.
Həkim vurğulayıb ki, soyuq hava zamanı orqanizm bədəndə olan istiliyi artırmaq üçün maddələr mübadiləsini sürətləndirir.
Belə ki, bu hal yağ mübadiləsini yaxşılaşdıraraq ürək-damar xəstəliklərinə müsbət təsir göstərə bilir: “Qarın insan psixologiyasına da müsbət təsiri var. Hər yerin ağappaq olması, qarlı hava psixoloji rahatlıq verir və əhval-ruhiyyəni yaxşılaşdırır. Serotonin kimi xoşbəxtlik hormonlarının artmasına səbəb ola bilir.
Bunlarla yanaşı, qarlı və şaxtalı havanın mənfi təsirləri də olur. Çünki immuniteti zəif olan insanların soyuq havalarda virus infeksiyalarına yoluxması daha sürətli baş verə bilir. Bundan başqa, sırf soyuğun özünə qarşı allergiyası olan, xüsusilə bronxial astma kimi allergik tənəffüs xəstəliklərindən əziyyət çəkən insanlar kəskinləşmə dövrü yaşaya bilir. Revmotoloji və birləşdirici toxuma xəstəliyi olanlarda oynaq əzələ ağrıları olur. Dərinin quruması, çatlaması hallarını da çox görürük”.
Həkim tövsiyə edib ki, qarlı və soyuq havaların faydalarından düzgün istifadə edə bilmək üçün isti geyinmək, immun sistemini aktiv saxlamaq, bol maye istifadə etmək, yaxşı qidalanmaq vacibdir.
“Eyni zamanda, vitaminlərdən bol istifadə, fiziki aktivliyi qorumaq, altda yatan xroniki xəstəlikləri mütləq nəzarət altına almaq lazımdır”, - deyə Sübhan Hacıyev vurğulayıb.
Aygün