Səhiyyə Nazirliyi film şirkətləri ilə əməkdaşlıq edəcək

Türkiyənin Səhiyyə Nazirliyi siqaret və digər tütün məmulatlarından istifadəni azaltmaq üçün teleserial və kino sənayesinin aparıcı istehsalçıları ilə bir araya gələcək. Nazirlik tütün əleyhinə mesajların əhatə dairəsini artırmaq üçün istehsalçılarla əməkdaşlıq edəcək.
TNS Türkiyə mediasına istinadla xəbər verir ki, nazirliyin təmsilçisi Məhəmməd Atak siqaret və digər tütün məmulatları ilə effektiv mübarizə aparmaq üçün təkcə qanun və qaydalarla deyil, həm də ictimai şüurun artırılması yolu ilə hərəkət etməyin vacib olduğunu deyib:
“Tütünlə mübarizədə cəmiyyətin bütün üzvlərini bu prosesin bir parçası etmək istəyirik. Yalnız bu yolla uzunmüddətli perspektivdə uğur qazana bilərik. Serial və filmlərdə siqareti təşviq edən səhnələrin azaldılmasını, bunun əvəzinə tütün asılılığının zərərləri ilə bağlı maarifləndirici mesajların verilməsini gözləyirik. Prodüserləri də bu mövzuda bizimlə bərabər sağlamlıq elçisi olmağa dəvət edirik. Televiziya serialları və film istehsalçıları ilə əməkdaşlıq edərək tütündən istifadəni təşviq edən elementlər azaldılacaq. Gənclər və uşaqlar üçün xüsusi proqramlar hazırlanacaq. Sosial media platformalarında təsirli vizual və videolarla maarifləndirmə kampaniyaları təşkil ediləcək. Səhiyyə ocaqlarında ekranlar vasitəsilə tütünün zərərləri ilə bağlı ani mesajlar paylaşılacaq. Cəmiyyətin hər bir təbəqəsinə çatmaq üçün səhiyyə işçiləri və QHT-lərlə birgə səylər göstəriləcək”.
Aygün