Close

22:20
21 Fevral 2025
21:30
21 Fevral 2025

Yayılan xəstəliyin səbəbi açıqlandı - Öskürək, ürəkbulanma, mədə-bağırsaqda narahatlıq...

Hazırda əhali arasında özünü daha çox quru öskürək, ürəkbulanma, qusma kimi əlamətlərlə göstərən xəstəliklər yayılıb.

Metro, avtobus kimi ictimai nəqliyyat vasitələrində 3 adamdan ikisində öskürək müşahidə olunur. 

Bu xəstəliklər daha çox hansı viruslardan qaynaqlanır?

Öskürək neçə gün davam edərsə, təhlükəli vəziyyət yarana bilər?

Xəstəliyin müalicəsi və qorunmaq üçün nələrə əməl olunmalıdır?

TNS-in mövzu ilə bağlı suallarını Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, infeksionist Təyyar Eyvazov cavablandırıb.

Həkim bildirib ki, hərarətin yüksəlməsi, öskürək, ürəkbulanma, qusma kimi əlamətlər müxtəlif infeksiyalar zamanı baş verir: “Hazırda qrip, digər kəskin respirator virus infeksiyalarına rast gəlinir, eyni zamanda arabir kataral və mədə-bağırsaq əlamətləri ilə seyr edən rotaviruslar da təsadüf olunur. İlboyu isə az da olsa, adenovirusa yoluxma halları müşahidə olunur və bu infeksiya fəsli xarakter daşımır”.

Mütəxəssisin sözlərinə görə, qızdırmalı kəskin dövrdən sonra quru öskürəyin bir müddət davam etməsi bu tip infeksiyalardan, xüsusən qripdən sonra çox təsadüf edilən haldır: “Bu hal öz-özünə keçib gedir. Lakin öskürəklə yanaşı, qızdırma və digər əlamətlər davam edərsə, həkimə müraciət etmək lazımdır ki, səbəblər araşdırılsın və uyğun müalicə aparılsın”.

Xəstəliklərdən necə qorunacağımıza gəlincə isə həkim qeyd edib ki, əsasən hava-damcı, bir qədər də təmas yolu ilə yayılan bu infeksiyalardan qeyri-spesifik qorunma yolları ümumidir: “Viruslardan xəstənin əksər hallarda evdə təcrid olunması, maskadan istifadə, əl və respirator gigiyena qaydalarına əməl edilməsi, sıx təmaslardan yayınmaq kimi yolarla qorunmaq lazımdır. Qripin profilaktikası üçün isə etibarlı vasitə ona qarşı peyvəndləmədir ki, ölkədə kifayət qədər bu cür peyvəndlər mövcuddur. Ambulator xidmət göstərən müalicə müəssisələrinə müraciət etməklə bunu etdirmək olar”.

Aygün