Ətdə, yumurtada gizlənən təhlükə - Necə qorunmalıyıq?
Tez-tez istifadə etdiyimiz tərəvəzlər, meyvələr, çiy ət və yumurta kimi qidalar salmonella infeksiyası riski daşıyır. Ağız yolu ilə bədənə daxil olan bakteriyalar ciddi infeksiyalara səbəb ola bilər.
Həm evdə, həm çöldə bu bakteriyadan qorunmaq üçün nələrə diqqət etməliyik?
Mövzu ilə bağlı TNS-ə danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, daha çox heyvan mənşəli qidalardan insan orqanizminə salmonella bakteriyası yoluxa bilir: “Salmonella xüsusilə toyuqda daha çox olur. Məhsulda bakteriyanın olub-olmadığı yalnız laboratoriya analizlərinin nəticəsində aşkarlanır. Çünki görünüşü, qoxusu dəyişməyən bakteriya normal qidada da ola bilir. Xüsusilə, heyvan mənşəli məhsullar bəlli yerlərdən alınmalıdır”.
M. Hüseynova bildirib ki, salmonella bakteriyası insan orqanizmində təhlükəli sağlamlıq problemlərinə yol açır: “Bakteriyanın vaxtında aşkarlanmaması, bəzən zəhərlənmə ilə qarışdırılması sağlamlıq dərəcəsinə həddindən artıq çox zərər verməsi ilə nəticələnə bilər. Xüsusilə, uşaqlarda və yaşlılarda, eyni zamanda immun sistemi zəif olan insanlarda daha təhlükəli nəticələrin olması mümkündür. Salmonella bakteriyaları yoluxmuş qidaların qəbulu daha çox mədə-bağırsaq şikayətləri, qarın ağrısı, qusma, bəzən isə qəbizliklə nəticələnir. Bu da artıq bağırsağın mikroflorasının, funksiyasının pozulmasına gətirib çıxarır. İnsanda yüksək hərarət, bəzən ümumi halsızlıq, yorğunluq kimi hallar olur. Orqanizm həddindən artıq su itgisinə məruz qalır ki, bu da daxili orqanların funksiyasının pozulması, mədə-bağırsaq sistemində qanama kimi hallarla özünü göstərə bilər”.
Mütəxəssis vurğulayıb ki, yoluxmaya həssas olan insanlar ərzaq alarkən daha diqqətli olmalıdır: “Xüsusilə heyvan mənşəli qidaların istifadə prosesində sanitar-gigiyena qaydalarına əməl olunmalıdır. Ərzaq yaxşı yuyulmalı, bişirilmədir. Çiy ət doğranan səth, bıçaq yalnız yuyulduqdan sonra digər ərzaqlara vurulmalıdır. Yaxşı olar ki, ət kəsilən bıçaqla digər məhsulların doğrama alətləri ayrı olsun. Toyuq və əti 75 dərəcənin üzərində bişirmək bu bakteriayaların məhv olmasına səbəb olur”.
Müsahibimiz istifadə etdiyimiz suya da diqqət çəkib. Vurğulayıb ki, xüsusilə mərkəzi sistemdən gələn sular yaxşı qaynadılmalıdır ki, salmonella təhlükəsinin qarşısı alınsın.
Aygün