Qəfil ölümlər bu səbəbdən baş verir
Şikayətlər ilə ölüm arasındakı vaxtın 1 saatdan az olduğu gözlənilməz ölümlər qəfil ölüm hesab olunur. Qəfil ölüm bütün dünyada ciddi problem olaraq qalmaqdadır. Çünki xəstələr xəstəxanaya və ya səhiyyə müəssisəsinə çatmamış ani ölüm baş verir. Təkcə ABŞ-da hər il 335 000 insan qəfil ölümdən vəfat edir.
Statistikaya görə, qəfil ölüm bütün ölümlərin 12%-ni təşkil edir.
Ürək xəstəliklərindən ölümlərin yarısı qəfil ölüm şəklində baş verir.
Qəfil ürək ölümü, xərçəngdən olan ölümlərin cəmindən daha çoxdur.
Qəfil ölümlərin 80%-i koronar arteriya xəstəliyi nəticəsində baş verir.
Ürəyi qidalandıran damarların daralması və ya tıxanmasının ilk əlaməti xəstələrin 20%-ində qəfil ölüm şəklində özünü göstərir.
Bu, daha çox yaşlılarda rast gəlinsə də, hər yaşda, hətta uşaqlarda da baş verə bilər.
Bir çox ölkələrdə gənclərin (20-30 yaşlı şəxslər) ölümünə ən çox səbəb ani ürək ölümüdür və bu, yol qəzalarından olan ölümlərdən daha çoxdur.
Bəzi ailə xəstəlikləri ani ölümlə nəticələnir. Bu səbəbdən qəfil, gözlənilməz ölümlə yaxın qohumlarını itirənlər mütləq bu amili nəzərə almalıdır.
Azərbaycanda bu cür ölümdən nə qədər insanın ömrünü başa vurması ilə bağlı statistika aparılmasa da, ölkəmizdə də kifayət qədər var. Xüsusilə, gənc yaşda onlarla tanıdığımız insanların qəfil ürəktutmasından vəfat etdiyini tez-tez eşidirik.
Çox zaman da ölən insanların yaxınları mərhumun ürəklə bağlı heç bir şikayətinin olmadığını irəli sürür.
Bəs, ürəkdə heç bir narahatlıq, şikayət olmadığı halda qəflətən dayana bilərmi?
Azərbaycan Kardiologiya Cəmiyyətinin İdarə Heyətinin üzvü, tibb üzrə fəlsəfə doktoru, kardioloq Üzeyir Rəhimov bununla bağlı TNS-ə bildirib ki, insanın heç bir şikayəti olmadığı halda ürək qəflətən dayana bilər, amma bu, çox nadir hallarda baş verir. Onun sözlərinə görə, çox zaman infarktdan, qəfləti ürək ölümündən əvvəl insanların şikayəti olur: “İnsanların şikayətləri olur. Lakin ya bunu ciddiyə almırlar, ya da müvəqqəti hal kimi yanaşırlar. Şikayətlər əsasən, ağrı və aritmiyalar (ürək döyüntüləri) şəklində olur. İnsanların əksəriyyəti elə düşünür ki, ürək ağrısı sol tərəfdə olur və sancı, batma hissi şəklində olur. Halbuki, ürək ağrısı sinənin ortasında olur. Göynəmə olur, insanı sıxır, tərlədir, hətta ağrı çənəyə, qola vurur. Qol sındırılırmış kimi şiddətli ağrıya bilir.
Yaxud da ürək ritmi pozulur, insan huşunu itirəcək kimi olur. O anda insan ölüm qorxusu yaşayır. Amma bütün bunlarla yanaşı, insanın heç bir şikayəti olmadan da qəfləti ölümlər ola bilər”.
Həkim onu da vurğulayıb ki, qış aylarında ürəkdə narahatlıq yarana bilər. Onun sözlərinə görə, çox isti hava kimi, soyuq havanın da ürəyə mənfi təsiri ola bilir.
Ü.Rəhimov onu da qeyd edib ki, ürəyində narahatlığı olan insanlar təbii olan hər qidanı normasında yeyə bilərlər: “Təbii olan bütün növ ətlər yeyilə bilər, amma işlənmiş əti, kolbasa və sosiska kimi məhsulları yemək olmaz. Karbohidrat, xəmir və un məmulatları, şirniyyat və mürəbbələr menyudan tamamilə çıxarılsa, yaxşı olar. Yağlar arasında ən faydalısı zeytun yağıdır. Amma buna baxmayaraq, təbii olan bütün növ yağlardan qaydasında istifadə oluna bilər”.
Aygün