Close

19:31
30 Yanvar 2025

Əl yazısının təsirləri - Yaddaş itir, danışıq bacarığı azalır...

Texnologiyanın verdiyi rahatlığın artması ilə yazının azalması dil və yaddaş bacarıqlarının zəifləməsinə səbəb ola bilər.

İnsan ünsiyyətinin təməl daşlarından olan kağız və qələm sürətlə rəqəmsal alətlərlə əvəzlənir. Artıq mesajlar və qeydlər ekranlara toxunmaqla, klaviatura düymələrinə basmaqla və ya səs əmrlərindən istifadə etməklə yığılır.

Mütəxəssislər isə yazı alətlərindəki dəyişikliyin fərdlərin dil və düşünmə bacarıqlarında nəzərəçarpacaq dərəcədə daralma yaratdığını vurğulayırlar. Bildirilir ki, bu transformasiya dil istifadəsində səthiliyi artırmaqla yanaşı, öyrənmə və yaddaş proseslərinə mənfi təsir göstərən nevroloji nəticələr də yaradır.

İstanbul Universiteti Ədəbiyyat fakültəsinin professoru Hayati Develi yazı alətlərində baş verən dəyişikliyin düşüncə dünyasına təsirini dəyərləndirib.

TNS həmin materialı təqdim edir.

Yazının bəşər tarixindəki əhəmiyyətinə toxunan Develi bildirib ki, əslində yazı prosesi bitmir, yalnız yazı alətləri dəyişir: “Yazının icad edildiyi gündən insanlar daşları oyaraq, iz qoyaraq yazırlar. Yazı üçün əvvəl palçıq, ya da quş lələklərindən istifadə olunsa da, daha sonra yazı maşınları, indi də klaviaturalar ön plana çıxır. Yəni, indi də yazı işi davam edir. Sual doğuran məsələ bu alətlərlə yazmağın bizim yazı və dil biliyimizə təsir edib-etmədiyidir”.

O, neyrolinqvistika sahəsində aparılan araşdırmaların karandaşla yazmağın öyrənmə proseslərində son dərəcə faydalı və təsirli olduğunu ortaya çıxardığını deyib: “Araşdırmalar məktəbəqədər yaşdan başlayaraq, əl yazısı çalışmalarının həm öyrənmə, həm də yaddaş üçün son dərəcə əhəmiyyətli olduğunu ortaya qoyur. Yazı yazmaq daha sonrakı yaşlarda da faydalıdır. Lakin rəqəmsal yazı, xüsusən də sosial media kimi sürətli ünsiyyət vasitələri dil bacarıqlarını azaldır. Birbaşa, davamlı və müntəzəm olaraq yazı fəaliyyəti ilə məşğul olmayan adamın dilin imkanlarından istifadə etmək qabiliyyəti zəifləyir. Məşhur fransız filosofu Alen deyir ki, səpələnmiş fikirləri nizamlamağın ən yaxşı yolu yazmaqdır”.

Kliniki neyropsixoloq Merve Türkkol da texnologiyanın inkişafı ilə kağız və qələm istifadəsinin azalmasının yazı bacarıqlarına və bununla bağlı nevroloji proseslərə təsir etdiyini bildirib.

Beynin motor korteks, prefrontal korteks və hipokampus kimi bir çox hissəsinin yazarkən birlikdə işlədiyini qeyd edən Türkkol isə bunları deyib: “Bu proses beynimiz üçün məşq kimidir, lakin yazı praktikasının azalması bu sahələrin koordinasiyasını məhdudlaşdırır, xüsusilə uşaqlarda incə motor bacarıqlarının tam inkişaf etməməsinə səbəb olur”.

Əl yazısının öyrənmə və yaddaşa müsbət təsir etdiyini vurğulayan Türkkol klaviatura istifadəsinin sürəti təmin etdiyini, ancaq öyrənməni daha səthi hala gətirdiyini vurğulayıb. O, əl yazısının danışıq dilinə də müsbət təsir etdiyini deyib.

Gündəlik həyatda əl yazısını təşviq edəcək kiçik vərdişlərə yiyələnməyin vacibliyinə diqqət çəkən Türkkol bildirib: “Yazmaq təkcə ünsiyyət vasitəsi deyil, həm də öyrənmə, yaddaş və təfəkkür bacarıqlarını təkmilləşdirən mühüm prosesdir. Texnologiya böyük rahatlıq təmin etsə də, əl yazısından tamamilə imtina etmək nevroloji və linqvistik proseslərin zəifləməsinə səbəb ola bilər. Gündəlik tutmaq, qeydlər aparmaq kimi vərdişlərlə əl yazısını aktiv saxlamaq vacibdir.

Xüsusilə texnologiya əsrində inkişaf edən uşaqlara əl yazısının əhəmiyyətini izah etmək və onları bu bacarığı inkişaf etdirməyə təşviq etmək vacibdir. Əl yazısı yalnız bir vasitə deyil, həm də beynimizi, dilimizi və düşünmə qabiliyyətimizi inkişaf etdirən bir prosesdir".

Aygün