Close

Dünya sağlamlıq böhranı ilə üz-üzədir - 1 milyard insan bu xəstəlikdən əziyyət çəkir

Dünyada 1 milyard insan piylənmədən əziyyət çəkir. İnsanlar arasında bu halın artmasının əsas göstəriciləri nədir və piylənmədən necə qorunmaq olar?

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova TNS-ə bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı sağlamlıqla bağlı bir çox açıqlama verir: “Piylənmə daha çox ürək-damar, qan təzyiqi və digər təhlükəli xəstəliklərlə bağlı risk yaradır. 2030-cu ilə qədər dünya əhalisinin 50 faizi piylənmədən əziyyət çəkəcək. Düzgün qidalanmamaq, "fast-food" qidalara meyilli olmaq, təbii, lifli qidalara, meyvə-tərəvəzlərə az yer vermək kalori miqdarını artırır. Eləcə də qazlı, rəngli və şəkərli içkilər də birbaşa kalori miqdarının artmasına səbəb olur.

"Fast-food" vitamin və mineral dəyəri aşağı olan qidalardır, piylənməyə səbəb olur. Piylənməyə səbəb olan göstəricilərdən biri də texnologiyanın inkişafı ilə bağlıdır.

Telefon və kompüterlə zaman keçirmək, uzun müddət oturaq həyat tərzi, fiziki aktivliyin az olması qəbul edilən qidaların enerjiyə düzgün çevrilməməsi ilə nəticələnir. Burada genetik amillər də rol oynayır. Bir çox insan genetik olaraq piylənməyə meyllidir, onlar mütləq öz qidalanmalarına fikir verməlidirlər. Bəzən psixoloji faktorlar, stress, depressiya, emosiyaların idarə olunmaması bir çox insanda həddən artıq yemək yemə istəyi yaradır. Psixoloji faktorlar elə olur ki, uzun müddət iştahsızlıq əmələ gətirir. Sonradan çox yemək artıq çəki yaradır”.

Mütəxəssis onu da vurğulayıb ki, piylənmə xarici görünüşdə olan artıq çəki deyil: “Piylənmə daxili orqanların yağlanması funksiyasının pozulması ilə nəticələnən bir problemdir. Davamlı olaraq artıq piylənmədən əziyyət çəkən insanlar sağlamlıqlarına vaxtında diqqət etməsələr, bu, ürək-damar xəstəliklərinə yaxalanma riski, qan təzyiqi, yüksək xolesetrinə, eyni zamanda diabet xəstəliyinə yol açacaq.

Artıq çəkili insanlarda tənəffüs problemləri olur ki, bu da birbaşa insanların həyat tərzinə, yuxu rejiminə mənfi təsir edir. Onlar yuxuda ölüm halları ilə də rastlaşırlar.

Artıq çəki sümüklərə, oynaqlara təzyiq göstərir ki, bu da ağrıya və hərəkətsizliyə səbəb olur. Ümumiyyətlə, piylənməyə məruz qalmamaq üçün erkən yaşlardan başlayaraq, düzgün və sağlam qidalanmaq lazımdır”.

M.Hüseynova son olaraq bildirib ki, yüksək kalorili, karbohidratlı, şəkərli qidalardan hazırlanmış məhsulların istehlakını azaltmaq lazımdır: “Piylənmənin qarşısını almaq üçün təbii və yerli meyvə-tərəvəzlərdən istifadə etmək vacibdir. Gün ərzində paxlalı, tərkibində karbohidrat olan qidalara üstünlük vermək lazımdır.

Hər gün mütləq yarım saat normal sürətlə gəzmək, yüngül idman hərəkətləri etmək vacibdir. Bu cür fiziki aktivlik piylənmənin qarşısını alır.  Eyni zamanda, qida qəbul edərkən mütləq gündəlik su miqdarını da unutmamaq lazımdır. Hər insan 1 kiloqram bədən çəkisinə uyğun 30 milli su qəbul etməlidir. 2030-cu ildə dünyada demək olar ki, böyük  sağlamlıq böhranı yaşana bilər”.

Ayşən Azadova