Close

Vitaminlər zərərsiz deyil – Ürəkdə, qaraciyərdə, böyrəklərdə fəsadlara yol açır

"Həkim məsləhəti olmadan vitamin qəbulu hipervitaminoz və ağır fəsadlaşmış daxili orqan zədələnməsinə yol aça bilər”.

Bunu TNS-ə açıqlamasında həkim-terapevt Sübhan Hacıyev deyib.

Sübhan Hacıyevin sözlərinə görə, insanlar elə düşünürlər ki, bütün yaş kateqoriyalarında vitamin və mineralları qəbul etmək olar.

Həkim qeyd edib ki, hər kəs vitaminləri əks təsiri olmayan, bütün xəstəliklərə faydalı bir dərman kimi görür: "Bu, çox yanlışdır. Çünki vitaminlər çox olanda orqanizmdə yığılaraq, artıqlıq yaradır və nəticədə hipervitaminoz vəziyyətinə gətirir. Bu hipervitaminozlar vitaminlərin artıq olması nəticəsində toksik təsirlərə malik olur və daxili orqanlara əks təsir göstərir.

Vitaminlər iki qrupa bölünür, yağda və suda həll olunanlar. Yağda həll olunanlar A, D, E, K vitaminləridir ki, bunlar insan orqanizmində mühüm rola malikdir. Amma vitaminlərin çox olması fəsadlara da gətirib çıxarır. Məsələn, A vitamininin hipervitaminozunun toksiki təsiri insan orqanizmində qaraciyər üzərində olur, baş ağrısı, görmə problemləri yaradır, hamilə qadınlarda dölün inkişafına təsir göstərir. D vitamini də insan üçün çox önəmli vitamin birləşməsinə malik olsa da, onun çoxluğu böyrəklərdə daşların yaranması, hiperkalsemiyaya – yəni qanda kalsium miqdarının dəfələrlə artmasına səbəb ola bilir. Bu da nəticədə ürək ritminin pozulmasına gətirib çıxarır. E vitamini isə dəridə yumşaq toxumalarda regenerasiya problemlərini aradan qaldırsa da, onun çoxluğu laxtalanma faktorlarına təsir göstərərək qanaxma riskini artırır. K vitamini də qanın laxtalanma faktorlarına təsir göstərərək tromboz ehtimalını yüksəldir. Ürəyin işemik xəstəliyi olan insanlarda tromboza meyillik daha çox olur və K vitaminin qəbulu bu xəstələr üçün arzu olunan deyil".

S. Hacıyev suda həll olan vitaminlərdən də danşıb: "Suda həll olunan vitaminlər B və C qrup vitaminidir. İnsanlar arasında bu qrup vitaminlər çox populyardır. İnsanlar ümumi bir zökəm, virus əlaməti olan kimi dərhal əczaçılara müraciət edərək, lazım oldu-olmadı sistemlərdən istifadə edirlər. B qrup vitaminlərin yüksək dozada qəbul olunması, allergik reaksiyalara, dəridə səpkilərə, qaşınmalara, yüksək təzyiqə gətirib çıxarır. Həmçinin C vitamininin yüksək dozada orqanizmə daxil edilməsi böyrək daşlarının yaranma riskini arıtır. Bütün bu vitaminlər qaraciyər və böyrəklər vasitəsilə ifraz olunduğu üçün qaraciyərin və böyrəyin yükü xeyli artır”.

Həkim-terapevt vitamin kompleksləri ilə bağlı tövsiyyələrini də çatdırıb: “İnsanlar həkim məsləhəti olmadan hər hansı bir preparatı qəbul etməsinlər. Bütün bunlar qida əlavəsi deyil. Vitaminlər insanlara müxtəlif xəstəlik zamanı həkim tövsiyəsi ilə edilə bilər. Həkim məsləhəti olmadan vitamin qəbulu hipervitaminozlara və ağır fəsadlaşmış daxili orqan zədələnməsinə yol açar”.

Ayşən Azadova