Close

Bu virusa yoluxanlar niyə sağalmır? - Həftələrlə davam edən əzələ ağrısı, öskürək…

Ölkədə yayılan metapnevmovirusa yoluxan şəxslər xəstəliyin əlamətlərinin uzun müddət davam etdiyini deyirlər.

Yoluxub sağalanlar bildirirlər ki, halsızlıq, burun axması və s. əlamətlər keçsə də, oynaq, əzələ ağrıları, quru öskürək, boğaz qıcıqlanması 3-4 həftədir, davam edir. Bunlar nəyin göstəricisidir?

Həkim-infeksionist Vasif Əliyev TNS-ə açıqlamasında bildirib ki, qış mövsümü ilə əlaqədar olaraq digər ölkələrdə olduğu kimi, Azərbaycanda respirator infeksiyalara yoluxanların sayında artım var.

O qeyd edib ki, oynaq ağrıları, öskürək, halsızlıq, yüksək temperatur, boğaz ağrısı kimi şikayətləri olan hərkəs metapnevmovirusa yoluxduğunu iddia edir: “Hazırda ölkədə təsdiq olunmuş metapnevmovirus yoxdur. Bu “COVID-19”, parainfluenza və digər virusların əlamətləri də ola bilər. Çində yayılan metapnevmovirusun ciddi bir xəstəliyə səbəb olduğu barədə məlumat yoxdur. Ümumdünya Səhiyyə Təşkilatı da metapnevmovirusun çox ciddi virus olmadığını deyir.

Metapineovirus mövsümə uyğun virusların artması kimi qəbul edildi. Dünyada və ölkəmizdə bir çox qrip növləri yayılıb. Bunu şəxsi müşahidələrimizdə də görürük və indi yayılan xəstəliklər olduqca ağır keçir. Xüsusi risk qrupuna daxil olan xəstələr, xroniki xəstələr, yaşlılar, uşaqlar eyni zamanda hamilə qadınlar və şəkər xəstələri peyvənd vurdurmaqla müxtəlif qrip viruslarından qoruna bilərlər”.

V. Əliyev ümumi viruslardan qorunmağın yollarında danışıb: “İstənilən virusa yoluxmamaq üçün ara məsafəsini gözləmək, gigiyena qaydalarına əməl etmək, qapalı məkanlarda olarkən maskadan istifadə mütləqdir.

Xəstə olan insan mütləq evdə izoliyasiya şəraitində qalmalı, antibiotik ilk günlərdə istifadə etməməli, bol maye qəbul etməli, temperaturu azaltmaq üçün təbii üsullara üstünlük verməli, mütləq bu barədə həkimə məlumat verməlidir”.

Ayşən Azadova