Yeni təhlükəli virus yayıldı - 8 nəfər öldü
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Tanzaniyada Marburq virusundan 8 nəfərin öldüyünü açıqlayıb.
TNS xəbər verir ki, ÜST tərəfindən epidemiyanın ölkə və bölgədə daha da yayıla biləcəyi ilə bağlı xəbərdarlıq edilib.
Açıqlamada, Tanzaniyanın Kagera bölgəsində başlayan Marburq virusu epidemiyası ilə bağlı üzv ölkələrin məlumatlandırıldığı, 9 şübhəli hadisənin də araşdırıldığı bildirilib.
ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus da X sosial media platformasındakı paylaşımında yaxın günlərdə hadisələrin arta biləcəyi barədə xəbərdarlıq edib.
O, Tanzaniyaya qonşu ölkələrin sayıq və potensial hallara hazır olmalarının vacib olduğunu bildirib. Həmçinin Tanzaniya ilə səyahət və ticarəti məhdudlaşdırmağı təklif edib.
Qeyd olunub ki, Ebola virusu ilə eyni ailədən olan Marburq virusuna yoluxmuş insanlarda ölüm nisbəti 88 faizə çata bilər.
Yarasalardan insanlara keçən virus yoluxmuş insanlarla təmas zamanı yayılır.
Simptomlara qızdırma, əzələ ağrıları, ishal, qusma və bəzi hallarda həddindən artıq qan itkisi daxildir.
ÜST virusa qarşı xüsusi müalicə və ya peyvəndin olmadığını açıqlamışdı, lakin bir sıra qan məhsulları, dərmanlar və immunoterapiya işlənib hazırlanıb.