Soyuq hava qan təzyiqini artırır - 1 milyard 300 milyon risk altındadır
Soyuq havada narahatlıq yaradan sağlamlıq problemlərindən biri də qan təzyiqidir. Çünki havanın temperaturunun düşməsi yüksək təzyiq riskini artırır.
Məlumdur ki, hipertoniya bütün dünyada çox yayılmış bir sağlamlıq problemidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünya üzrə təxminən 1 milyard 300 milyon hipertoniya xəstəsi var.
Bəs, həyatı ən çox təhdid edən xəstəliklərdən olan hipertoniyaya qarşı hansı tədbirlər görülməlidir?
TNS bununla bağlı kardiologiya mütəxəssisi, professor Engin Bozkurtun “TRTHABER”ə açıqlamasını təqdim edir.
Professor soyuq havalarda xəstələrdə təzyiqin artdığını bildirib: “Soyuq havalarda sistolik təzyiq (yüksək qan təzyiqi) orta hesabla 3-4 mm civə sütunu yüksəlir. Havanın temperaturunun hər 10 dərəcə düşməsi sistolik qan təzyiqinin 1,8-2 mmHg, diastolik təzyiqin isə 1,1 mmHg artmasına səbəb olur. Bu vəziyyət xüsusilə 80 yaşdan yuxarı insanlarda, hipertoniya diaqnozu qoyulmuş xəstələrdə, ürək-damar xəstəlikləri olan şəxslərdə və ya mövsümi normalardan xeyli aşağı olan həddindən artıq soyuq havalarda özünü daha qabarıq göstərir”.
O bildirib ki, soyuq hava bədəndəki damarların büzülərək daralmasına və bu da təzyiqin bir qədər yüksəlməsinə səbəb olur: “Bir çox insan soyuqdəymə və xəstələnmə qorxusu ilə açıq havaya çıxmır. Beləliklə, fiziki fəaliyyət azalır. Bu hal da qan təzyiqinin bir qədər artmasına səbəb olur”.
Bəs, hipertoniya xəstələri qış aylarında nələrə diqqət etməlidir?
Bozkurt qış aylarında təzyiq səviyyələrini normallaşdırmaq və nəzarətdə saxlamaq üçün xəstələrin bədən istiliyini qoruyacaq şəkildə geyinmələrinin vacib olduğunu bildirib: “Qəfil temperatur dəyişikliyindən çəkinmək, soyuq mühitdən isti bir mühitə keçərkən diqqətli olmaq vacibdir. Duz istehlakı məhdudlaşdırılmalıdır, sağlam və balanslı qidalanmaya riayət edilməli, eyni zamanda işlənmiş qidalardan uzaq durmalı və kifayət qədər kalium ehtiva edən qidalar istehlak edilməlidir”.
O qeyd edib ki, qış aylarında fiziki aktivlik azala biləcəyindən, evdə edilə bilən yüngül məşqlərə üstünlük verilməlidir. Bundan əlavə, siqaret və spirtli içkilərdən uzaq durmalı, kifayət qədər yuxu alınmalı və stress idarəsi təmin edilməlidir.
Engin Bozkurt təzyiq dərmanlarının mütəmadi olaraq qəbul edilməsinin, həkim müayinələrinin vaxtında aparılmasının, müntəzəm olaraq təzyiqin ölçülməsinin və qəfil dəyişikliklər zamanı dərhal həkimə müraciət olunmasının vacibliyini vurğulayıb.
Aygün