Bu ərazilərdə yaşayanların sağlamlığı ciddi təhdid altındadır
Təyyarə səs-küyünə məruz qalmaq ürək sağlamlığına mənfi təsir edir.
TNS xəbər verir ki, tədqiqatçılar hava limanlarının yaxınlığında yaşayan, təyyarənin qalxması və enməsi zamanı səs-küyə məruz qalan insanların ürək sağlamlığının daha çox risk altında ola biləcəyini müəyyənləşdiriblər.
Araşdırmaya görə, səs-küyə məruz qalmaq infarkt keçirmə ehtimalını artıra bilər.
“Journal of the American College of Cardiology” jurnalında dərc edilən araşdırmada İngiltərənin bir neçə hava limanı yaxınlığında yaşayan 3635 nəfər tibbi diaqnoztikadan keçirilib.
Təyyarə səs-küyü yüksək olan ərazilərdə yaşayan insanların ürəyi ilə təyyarə səsi az olan ərazilərdə yaşayan insanların ürəyinin vəziyyəti müqayisə edilib.
Səs-küylü yerlərdə yaşayan insanların ürək əzələləri daha sərt və qalın olur, daha çətin daralıb genişlənir.
Bildirilib ki, bu, xüsusilə gecə saatlarında daha çox təyyarə səs-küyünə məruz qalanlara aiddir. Tədqiqatçılar bunun yuxunun pozulması və insanların gecələr evdə olma ehtimalının daha çox olması, buna görə də səs-küyə daha çox məruz qalması ilə bağlı ola biləcəyini düşünürlər.