Close

09:22
09 Yanvar 2025

Bu, kökündən səhv yanaşmadır - Uşaqlara sistem vurdurmaq, antibiotik vermək...

“Metapnevmovirus yeni yox, köhnə virusdur. Hər zaman da bu aylarda ortaya çıxır”.

Bu barədə TNS-ə məlumat verən tanınmış pediatr Vaqif Qarayev hazırda yayılan xəstəliklərin ətrafında bir az süni hay-küy qaldırıldığını bildirib: “Yayılan xəstəliklər hər il bu aylarda rast gəldiyimiz respirator infeksiyalardır. Respirator viruslar kifayət qədər çoxdur.

Virusların iki xüsusiyyəti var. Ya xəstəliyin yoluxduruculuq qabiliyyəti yüksək olur, yaxud da gedişatı ağır olur. Koronavirusda (COVID-19) yoluxuculuq kifayət qədər yüksək olsa da, ölüm o qədər də yuxarı olmadı. Biz o zaman narahat oluruq ki, virusun yoluxduruculuq qabiliyyəti yuxarıdır. Demək ki, epidemiya törədəcək, ya da gedişat ağır olacaq.

İndiki viruslarda kritik olmasa da, yoluxduruculuq var. Ölüm məsələsi ilə bağlı isə hələ ki, insanları həyəcana salacaq xəbərlər yoxdur”.

Pediatr uşaqlarda respirator infeksiyalar zamanı sistem köçürülməsi “ənənəsindən” də danışıb: “Sistem köçürülməsi koronavirusdan (COVID-19) sonra dəbə düşdü. Altından qırmızı xətt çəkərək deyirəm ki, əgər uşaq maye içə bilirsə, ona hazırkı xəstəliklərə yoluxduğu zaman heç bir sistem lazım deyil. Sistem də mayedir. Əvvəlki tibb bacıları sistemin içinə müxtəlif dərmanlar qatırlar ki, bu, tibbi baxımdan doğru yanaşma deyil. Uşaq maye içirsə, biz onu niyə incidək? Maye içməyən uşaqlara sistem olunmalıdır, amma mütləq xəstəxana şəraitində”.

Həkim qızdırmanın israrla normaya salınmasının da doğru olmadığını vurğulayıb: “Dərmanlarla qızdırma düşməyəcək, düşsə belə, doğru deyil. Virusun yaşama dövrü var. 3-5 gün yaşayıb gedəcək. Valideynlər isə dalbadal qızdırmanı salmaq üçün dərman verirlər. Dünyada qəbul olunmuş temperatur salan dərmanlar var. Parasetamol, ya da onunla eyni tərkibli dərmanlardan, nurofendən istifadə olunur. Dərman qəbulundan sonra qızdırma daha da artırsa, deməli, kömək etmir. Belə olanda dərhal başqa dərman verirlər. Bu da düzgün deyil. Çünki molekulları bir-birinə qarışdırıb vermək doğru deyil. Qızdırmalı uşaq olan evdə havanın temperaturu stabil olmaldır. Otağı çox qızdırmaq olmaz. Dəri ilə ətraf mühitin temperaturunda fərq olmalıdır ki, qızdırma düşsün.  Yüngül və təmiz pambıq parçadan olan paltarlar geyindirilməlidir. Bütün günü maye qəbulu olmalıdır. 3 yaşa qədər bir az çətin olsa da, bundan sonrakı yaşlarda rahat olur. Su, çay kəmşirin şirə, kompotlar qurtum-qurtum olsa da, davamlı içməlidirlər. Amma qızdırma 3 gündən çox davam edirsə, öskürək aqressivləşirsə, mütləq həkimə müraciət etmək lazımdır. Müayinələrdən sonra lazım olarsa, antibiotik təyin ediləcək.  Viruslara antibiotik təsir etmir. Əksinə, vəziyyəti daha da qəlizləşdirir. Ona görə də bizim apteklərdəki satıcılar antibiotiki qızdırma dərmanı kimi satmasınlar. Apteklərdə müşahidə aparıram. Gələn valideyn “uşağımızın qızdırması var”, - deyən kimi iki dənə antibiotiki yan-yana qoyub verirlər. Kökündən səhv yanaşmadır. Antibiotiki ancaq həkim təyin edə bilər”.

Aygün