Dünya növbəti pandemiya ilə üz-üzə - Təhlükə yenə Çindən gəlir
Məlum olduğu kimi, Çində ötan aydan metapnevmovirus geniş yayılıb.
Koronavirusun da 2019-cu ilin sonunda Çində aşkarlandığını, qısa müddətdə bütün dünyaya yayıldığını nəzərə alsaq, bu, ciddi narahatlığa səbəb olur.
Metapnevmovirus korona virus qədər təhlükəli ola bilər?
TNS-in bu barədə sualını cavablandıran infeksion xəstəliklər və klinik mikrobiologiya uzmanı həkim Vasif Əliyev bildirib ki, metapnevmovirus artıq Qazaxıstanda, hətta Qırğızıstanda da qeydə alınıb.
Həkim qeyd edib ki, ilk dəfə 2001-ci ildə Hollandiyada aşkarlanan metapnevmovirus tənəffüs yolları infeksiyasına, hətta pnevmoniyaya səbəb ola bilir. Virus hava-damcı yolu yoluxur: “Əsas önəmli məqam budur. 5-9 günlük inkubasiya dövrü olduğu bildirilir. Uşaqlar, körpələr və immuniteti zəif insanlar, xroroniki böyrək, qaraciyər, ağciyər, ürək çatışmazlığı olan xəstələr daha ağır formada keçirə bilərlər. Əsas əlamətləri öskürək, burun axıntısı və yüksək temperaturdur. Təbii ki, bu əlamətlər başqa viruslarda da görülür. Sadəcə əlamətlərə görə hansı virus olduğunu demək çətindir. Ayırd etmək üçün mütləq COVID dönəmində olduğu kimi burundan yaxma götürmək lazımdır. Xəstəliyə yoluxmuş insanlarla təmasda olmamaq, mövsümə uyğun geyinmək, sağlam qidalanmaq sadəcə bu virusdan deyil, digərlərindən qorunmağa da kömək edəcək. Birinci növbədə xəstə insanların izolyasiyası ən doğru addım olar. Çünki bu insanlar çox sürətli şəkildə başqalarına virus ötürür. Yoluxduqdan sonra sağalmış xəstələrin bir çoxu daşıyıcı ola bilirlər. Bu baxımdan sağalan insanlarla da mütləq bir müddət məsafə saxlamaq lazımdır. Xəstəliyin erkən mərhələsində antibiotik, gərəksiz sistem müdaxilələri, xüsusilə də steroid istifadə edilməsi daha da ağırlaşmaya səbəb ola bilər. Bu baxımdan səhv müalicə etməkdənsə, bol maye içmək, doğru istirahət rejimi ən yaxşı seçimdir".
Ayşən Azadova