Yüksək temperatur, əzələ ağrıları... - Bu infeksiya 10-15 gün davam edir
Hazırda uşaqlar, eləcə də böyüklər arasında yüksək temperatur, müxtəlif narahatlıqlarla özünü göstərən xəstəliklər var. Bəzən elə olur ki, xəstəlik bir neçə dəfə təkrarlana və günlərlə davam edə bilir.
Mütəxəssislər xüsusilə, valideynlərə diqqətli olmağı tövsiyə edir.
Həkim-pedatr Gülşən Əliyeva mövzu ilə bağlı TNS-ə bildirib ki, hazırda uşaqlar və böyüklər arasında yüksək hərarət, halsızlıq, baş, əzələ və oynaq ağrıları, zökəm əlamətləri, bəzən ürəkbulanma, qusma, ishalla keçən xəstəlik yayılıb: “Yayılan virusun əsasən, hava-damcı yolu ilə keçən A tipli qrip virusu olduğu müəyyənləşib. Xəstəliyin əlamətləri, orqanizmdən asılı olaraq, bir neçə gün davam edir. Yüngül hallarda bir gün, bəzən 3 və ya 10 gün davam edir. Daha ağırlaşmış hallarda isə digər əlamətlərlə özünü göstərir. Məsələn, temperatur düşsə də, öskürək 10 gündən artıq davam edə bilir”.
Həkim bildirib ki, xəstəlik yüksək temperaturla başlayır- 38,5, 39, 40 dərəcəyə qədər yüksələ bilir: “Uşaqlarda çox güclü halsızlıq, narahatlıq müşahidə olunur. Bu şikayətlərlə gələn xəstələr çoxdur. Xəstəlik dönəmində xəstələrin ev şəraitində-yataq rejimində olmaları məsləhət görülür. Çoxlu maye qəbulu vacibdir. İstənilən halda pediatra müraciət olunsa, yaxşıdır. Xəstələnmiş uşaqları kollektivə buraxmaq məsləhət görülmür”.
Mövzu ilə bağlı Elmi Tədqiqat Pediatriya İnstitutunun pediatrı Səbinə Cəfərova isə TNS-ə bildirib ki, hər il olduğu kimi, bu il də mövsümlə əlaqədar uşaqlar arasında mövsümi virus infeksiyaları qeydə alınır: “Virus infeksiyaları tənəffüs yolu infeksiyalarına səbəb olan virus və bakteriyalardır. Əsas simptomlar arasında 7 günə qədər davam edən yüksək hərarət, boğaz ağrısı, öskürəyi qeyd edə bilərik. Virus infeksiyaları hava damcı yolu ilə keçdiyindən ilk növbədə tibbi maskalardan istifadə, gigiyenik qaydalara riayət edilməlidir, uşaqlar insanların kütləvi toplandığı yerlərdən uzaq tutulmalıdır. Evdə xəstə uşaq varsa, digər şəxslərlə ünsiyyət minimuma endirilməlidir. Temperaturu salmaq üçün təbii üsullardan istifadə tövsiyə olunur. Çoxlu maye qəbulu, yüksək kalorili və bol vitaminli qidalar, eyni zamanda meyvə-tərəvəz yeyilməsi vacibdir”.
Aygün