Close

Bir siqaret ömrü bu qədər qısaldır

Mütəxəssislərin fikrincə, çəkilən hər siqaret insan ömrünü 20 dəqiqə azaldır. Belə ki, siqareti bir həftə dayandırmaq, ömrün bir gün uzanmasına səbəb ola bilər.

TNS xarici KİV-ə istinadla xəbər verir ki, bu qənaətə London Universitet Kollecinin (UCL) tədqiqatçıları apardıqları araşdırmalar nəticəsində gəlib. 2000-ci ildə aparılan bir araşdırma, hər siqaretin həyatdan 11 dəqiqə “oğurladığını” irəli sürürdü.

Yeni hesablama isə daha əhatəli aparıldığından ortaya yeni rəqəmlər çıxıb. Tədqiqatçılar bu məlumatın insanların siqaret vərdişlərini tərgitmək üçün vacib olduğunu bildirib.
Qeyd olunub ki, siqaret çəkmək ağciyər xərçəngi, beyin zədələnməsi və bir çox digər ciddi sağlamlıq problemləri riskini artırır.
Tədqiqatçılar bu barədə yazdıqları məqalələrində bildiriblər ki, siqaretin zərərlərini siqaret çəkənlərə aydın və əlçatan şəkildə çatdırmaq çətindir. Ona görə də hər siqaretin ömrü nə qədər qısaltdığını hesablayaraq bu zərəri açıq şəkildə ortaya qoymaq faydalıdır: “Əgər siqaret çəkən şəxs 2025-ci il yanvarın 1-də siqareti tərgitsə, yanvarın 8-də bir gün, fevralın 20-də bir həftə, avqustun 5-də isə bir ay ömrünə qənaət edə bilər”.
İngiltərədəki məlumatlara görə, siqaret çəkmək kişilərdə orta hesabla 10 il, qadınlarda isə 11 il ömrü qısaldır. Siqaret çəkmək həm Böyük Britaniyada, həm də ABŞ-da qarşısı alına bilən ölüm və xəstəliklərin bir nömrəli səbəbi hesab olunur.

Tədqiqatçılar vurğulayırlar ki, siqareti azaltmaq kifayət deyil, xəstəlik risklərini aradan qaldırmaq üçün yeganə həll yolu heç istifadə etməməkdir.

Aygün