Close

Bitki çaylarının bilmədiyimiz zərərləri

Çay, kofe və digər isti içkilərin faydalı tərəfləri olduğu kimi, zərərləri də az deyil.

Dietoloq Tutu Zeynalova TNS-ə açıqlamasında bitki çaylarının, kofe və digər içkilərin zərərli, faydalı tərəflərindən danışıb.

O qeyd edib ki, qara və yaşıl çayların, kofenin orqanizmdə möcüzə yaradacaq təsir yoxdur: “Bu sadaladıqlarımızın arasında miqdar faktoru önəmlidir. Qara çay da digər çaylar kimi faydalıdır. Amma məsələn, yeməyin üstündən qara çay içildikdə yeməkdən aldığımız vitamin və mineralların müsbət təsiri azalır. Vitamin qəbulu zamanı  yarım saat öncə və sonra bu çayları istifadə etsək, vitaminlərin mənimsəilməsinə mane ola bilər. Heç bir çay növü tam zərərli deyil. Amma çayın yanında qəbul etdiyimiz qidalara diqqət yetirilməlidir. Bütün çay növləri faydalı olsa da, heç biri suyu əvəz etmir, əksinə suyun orqanizmdən ifrazına səbəb olur”.

Tutu Zeynalova vurğulayıb ki, gün ərzində çəkiyə uyğun su içmək lazımdır: “Bitki çaylarından faydalı olanlar çobanyastığı, cökə, adaçayı, itburnu, nanə və zəncəfil, yaşıl çaydır. Həmçinin, zəfəran çayı həm qan şəkərini tənzimləyir, həm də sakitləşdirici təsir göstərir. Qara və yaşıl çayı günün birinci yarısı qəbul edilməsi daha məqsədəuyğundur, əks halda bu çaylar gecə yuxumuza təsir göstərə bilər. Yaşıl çayın tərkibindəki maddələr metabolizmə müsbət təsir edir”.

Dietoloqun sözlərinə görə, itburnu çayı soyuqdəymə, nanə çayı mədə problemi olan insanlara çox faydalıdır: “İtburnu çayı kimi hibiskus çayı da sidikqovucu xüsusiyyətə malikdir. Həmçinin təzyiqli, ürək-damar xəstəliklərində faydalıdır. Bunları mütəmadi olaraq gündə iki fincandan artıq olmamaq şərti ilə müəyyən şikayətlərimizə uyğun istifadə etsək, daha yaxşı olar. Amma çox içmək zərərlidir”.

Ayşən Azadova