Soyuq havalarda dəriyə belə qulluq edilməlidir, əks halda...
Hər fəslin insan orqanizminə təsiri fərqli olur. O cümlədən də dərimiz də isti və ya soyuq havanın təsirinə məruz qalır. Qızmar günəş dəridə xoşagəlməz ləkələrə yol açdığı kimi, soyuq havalarda dərimiz quruya bilir.
Bu aylarda üzə necə qulluq etmək lazımdır?
Həkim-kosmetoloq Fidan Məhərrəmova TNS-ə açıqlamasında deyib ki, havaların soyuması ilə xanımlar dərilərindəki quruluqdan, dodaqlarındakı çatlardan, üzlərində nəm balansının itməsindən şikayətlənirlər.
Həkim-kosmetoloq qeyd edib ki, əgər xanımlar 25 yaşdan yuxarıdırsa, mütləq şəkildə dəri sağlamlığı üçün mütəmadi şəkildə kosmetoloqlara müraciət etməlidilər: “Kosmetoloqun göstərişi ilə dərinin üst təbəqəsindən əlavə alt təbəqəsində də nəmləndirmə başlamalıdır. Bunun üçün biorevitalizasiya, mezoterapiya, plazmaterapiyaprosedurları vacibdir. Bu prosedurlar dərinin alt təbəqəsinin nəmlənməsinə kömək edir. Xanımların yaşı 25-dən azdırsa, dərinin nəm balansını bərpa etmək üçün nəmləndirici və qidalandırıcı kremlərdən istifadə etmək lazımdır və bundan əlavə dodaqlarda çatlar əmələ gəlirsə, mütləq dodaq balzamlarından istifadə olunmalıdır”.
F. Məhərrəmova bildirib ki, qış aylarında xanımlar ev şəraitində özləri üçün skrablar hazırlaya bilərlər: “Ev şəraitində bir xörək qaşığı qliserinə bir xörək qaşığı şəkər tozu əlavə edib, qarışdırmaq, bununla dodaqları masaj etmək, sonra ilıq su ilə yumaq lazımdır. Soyuq hava şəraitində çölə çıxan zaman dodaqlara mütləq hər iki saatdan bir dodaq balzamı vurulmalıdır.
Bundan əlavə, makiyajdan istifadə edən xanımlar mütləq yatmazdan öncə üzlərini təmizləməlidirlər. Qış aylarında quru dərili xanımlar nəmlik verən penalardan, gellərdən qidalandırıcı kremlərdən istifadə etmələdirlər”.
Ayşən Azadova