Gözəlləşmək üçün həyatını riskə atanlar – Bəziləri 10-15 dəfə əməliyyat etdirir…
Azərbaycanda estetik əməliyyatdan sonra xarici görünüşündə, səhhətində çox ciddi problem yaranan, hətta həyatını itirənlər olsa da, gözəlləşmək üçün bıçaq altına yatanların sayı azalmır.
Bu qədər risk olduğu halda, yenə də əməliyyatlara həvəsli olanlar nələrə diqqət etməlidirlər?
Bu barədə TNS-ə danışan invaziv ağrı mütəxəssisi, həkim Zülfüqar Yusifov estetik əməliyyatlar zamanı xüsusi qaydalara əməl edilməsinin vacibliyini vurğulayıb.
Z. Yusifov bildirib ki, Azərbaycanda olduqca təcrübəli, səriştəli cərrahlar var: "Gün ərzində ölkədə yüzlərlə əməliyyat icra olunur. Plastik cərrahiyyə bu sahənin yeni bir istiqamətidir. Amma bu əməliyyatlara tələbat həddən artıq yüksəkdir. Bəzi insanlar 1-2 plastik əməliyyatla kifayətlənmir, 10-15 dəfə bıçaq altına yatır. Əlbəttə ki, əməliyyatların çox olması riskləri də artırır. Əməliyyat etdirən şəxsin əsas işi doğru həkim seçimi olmalıdır. Bəzən təcrübəsiz həkimlər olur, nəticədə xoşagəlməz hadisələr yaşanır".
Mütəxəssisin sözlərinə görə, cərrah seçərkən ilk öncə onun təhsilinə və iş təcrübəsinə diqqət eləmək lazımdır: "Həmin həkimlərin hansı klinikada işləməsi də vacib şərtlərdən biridir. Çünki nüfuzlu klinikalar uğurlu reputasiyası olmayan həkimlərlə çalışmağı özlərinə rəva bilmirlər”.
Həkimin sözlərinə görə, təcili və yaxud həyat üçün təhlükəli olan hallar yoxdursa, təkrar-təkrar əməliyyat məsləhət deyil. Mən bunu düşünürəm. Ancaq plastik əməliyyatlara ehtiyac varsa, o zaman professionallara, daha yüksək keyfiyyətli avadanlıqlarla təchiz olunmuş tibb müəssisələrinə müraciət etmək lazımdır. Çünki bu hallarda risk ehtimalımız əhəmiyyətli dərəcədə azalmış olur".
Ayşən Azadova