Close

“Əhali üçün daha əlçatan tibbi xidmətlər platforması hazırlanmalıdır”

Bu il səhiyyə sistemində elektron sənəd dövriyyəsinə keçid, rəqəmsallaşdırma və innovativ texnologiyaların daha geniş tətbiqi, işğaldan azad edilən ərazilərdə səhiyyə ocaqlarının inşası və digər istiqamətlərdə mühüm işlə görülüb.

TNS xəbər verir ki, bunu Səhiyyə Nazirliyində 2024-cü ilin yekunlarına və növbəti ildə həyata keçiriləcək tədbirlərə həsr olunan iclasda səhiyyə naziri Teymur Musayev deyib.

O bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2023-cü il tarixli Sərəncamına əsasən, ölkədə səhiyyə sahəsinin rəqəmsallaşdırılması çərçivəsində önəmli yeniliklərdən olan Elektron Resept Sistemi Səhiyyə Nazirliyi tərəfindən 1 may 2024-cü il tarixindən etibarən istifadəyə verilib.

Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Səhiyyə Nazirliyinin tabeliyində Respublika Qan Bankının yaradıldığını qeyd edən nazir deyib: “Dövlət başçısının imzaladığı sənədin icrası məqsədilə Respublika Qan Bankının Bakı şəhəri ilə yanaşı, ölkənin digər bölgələrində də fəaliyyətinin genişləndirilməsi prioritet məsələrdəndir. Dövlət başçısının digər Fərmanı ilə 2023-cü ilin yanvar ayının 1-dən etibarən 9 Elmi-Tədqiqat İnstitutu və Mərkəzi Səhiyyə Nazirliyin tabeliyinə verilib. Bu müddət ərzində qurumların maliyyələşdirilməsi və optimal idarəçilik prinsiplərinin qurulması istiqamətində mühüm addımlar atılıb”.

Nazir qarşıda duran vəzifələr və fəaliyyət istiqamətlərindəki çatışmazlıqlar təhlil edilərək, gələcək üçün sistemli yanaşmanın tətbiqinə imkan verən müasir idarəçilik strategiyası, əhali üçün daha əlçatan və mütərəqqi tibbi xidmətlər platformasının hazırlanmasının vacibliyini qeyd edib. Həmçinin, nazirlik tərəfindən istifadəyə verilən “Elektron Resept Sistemi”ndən daha geniş istifadənin reallaşdırılması və nazirliyin tabeliyindəki bütün qurumlarda birmənalı bu sistemə keçidlə bağlı tapşırıqlar verilib.