Soyuq havada idman edərkən bunlara diqqət etmək vacibdir
Oturaq həyat tərzi bir çox sağlamlıq probleminə səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının hazırladığı hesabat da bunu təsdiqləyir.
Hesabata görə, heç bir tədbir görülməsə, 2030-cu ilə qədər təxminən 500 min insan hərəkətsizlikdən yaranan sağlamlıq problemləri ilə üzləşəcək.
Bu səbəbdən mütəxəssislər idman etməyi vacib hesab edir. Bəs, qış ayları idmanla məşğul olmağa mane olurmu?
TNS mövzu ilə bağlı mütəxəssis idman həkimi Ömer Özkanın “TRTHABER”ə açıqlamasını təqdim edir.
Stress səviyyəsini azaldır
Həkim bildirib ki, fiziki cəhətdən soyuq hava orqanizmi daha çox kalori yandırmağa sövq edir, bu da maddələr mübadiləsini sürətləndirir. Eyni zamanda, immuniteti gücləndirici təsirləri də var.
Psixoloji baxımdan isə açıq havada idman etmək stress səviyyəsini, depressiya əlamətlərini azaldır.
Ömer Özkan qışda açıq havada idman üçün günorta və günortadan sonraya üstünlük verməyi tövsiyə edir.
O qeyd edib ki, məşqə başlamazdan əvvəl əzələləri yaxşı qızışdırmaq vacibdir, çünki soyuqda əzələlər gərginləşə və zədələrə həssas ola bilər: “Qışda məşq edərkən birdən çox paltar qatından istifadə etmək yaxşıdır. Başqa sözlə, tək qalın paltardan daha çox iki nazik paltar geyinmək daha uyğundur. Bədəndən nəm çıxaran, nəfəs ala bilən və tez quruyan materiallara üstünlük verilməlidir”.
Mütəxəssis bildirib ki, soyuq havalarda daha çox tərləmə olacağı üçün nəmləndirmə mövzusunda diqqətli olmaq vacibdir: “Məşq zamanı orqanizm daha çox su itirir, ona görə də müəyyən aralıqlarla su içmək vacibdir. Qışda hər məşq üçün 300-400 ml su sərf etmək kifayətdir, lakin müddət və intensivliyə görə bu miqdar artırıla bilər. Soyuq havalarda suyun istiliyini bir qədər artıraraq içmək insanın bədəninin maye qəbulunu asanlaşdırır. Ayrıca elektrolit itkisinin qarşısını almaq üçün izotonik içkilər də istifadə edilə bilər”.
Ömer Özkan sağlamlıq problemi olanların həddindən artıq soyuq günlərdə çöldə idman etməmələrinin vacibliyini də bildirib.
Aygün